9 May - Faşizm üzərində Qələbə günü münasibətilə Böyük Vətən Müharibəsi iştirakçısı ilə görüş keçirilmişdir.
Laçın rayonunun Alxaslı kəndindən məcburi köçkün, Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisindəki Alxaslı obasında müvəqqəti məskunlaşmış, 93 yaşlı Böyük Vətən Müharibəsi iştirakçısı İxtiyar Əzizovla 07.05.2018-ci il tarixdə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdir.
Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 9 May - Faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə Böyük Vətən Müharibəsi iştirakçısı İxtiyar Əzizovu təbrik edərək, ona uzun ömür, cansağlığı arzulamışdır.
Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda böyük şücaət göstərmiş qəhrəmanlarımıza, eləcə də Böyük Vətən Müharibəsi iştirakçılarına Ulu öndər Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğının hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söhbət açan rayon rəhbəri bildirmişdir ki, Böyük Vətən Müharibəsi iştirakçılarının sosial rifah halının yaxşılaşdırılması və onların həyat şəraiti hər zaman dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət mərkəzindədir.
İxtiyar Əzizov keçdiyi çətin və şərəfli döyüş yolundan söz açmış, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə və ikinci dəfə qələbə sevinci yaşayacağına əminliyini bildirmişdir.
İxtiyar Əzizov və onun ailə üzvləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirmişlər.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.