Respublikada “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyada Laçın rayon ümumtəhsil məktəblilərinin də iştirakı təmin olunmuşdur
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyanın növbəti mərhələsində Laçın rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı da təmin olunmuşdur.
26 mart 2018-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən qərargahında Laçın Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin, rayonun təhsil işçiləri və valideynlərin iştirakı ilə məktəblilərdən ibarət qrupun Lənkəran-Masallı-Astara rayonları istiqaməti üzrə yola salınması mərasimi keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova "Ölkəmizi tanıyaq" layihəsinin əhəmiyyətindən danışaraq, tur-aksiyanın ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin ölkə gəncləri tərəfindən dərindən öyrənilməsində, onların tədrisdə qazandıqları nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən olacağını, səfər zamanı ölkəmizin əraziləri ilə yaxından tanışlığın isə şagirdlərin mənəvi zənginliyini daha da artıracağını bildirmişdir.
Təhsil işçiləri və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verərək onlara mənalı istirahət, zəngin təəssüratla qayıtmalarını arzulamışlar.
Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla cənub bölgəsinə yola düşüblər.