Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.

17 mart 2018 | 16:00

17 mart 2018-ci  il tarixdə laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi  rayonu  Taxtakörpü  qəsəbəsində  Laçın  Rayon  İcra  Hakimiyyətinin  təşkilatçılığı  ilə Novruz  şənliyi  keçirilmişdir.
Tədbirdən əvvəl Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli qəsəbə ərazisində Novruz tonqalının yandırılacağı əraziyə gəlmiş, cəngi  sədaları altında Dəqə Qorqudun təqdim etdiyi yanar məşəllə bayram tonqalını yandırmışdır.  
Laçın rayon Mədəniyyət Mərkəzində keçirilən bayram şənliyində sərgi təşkil edilmiş, sərgidə xalqımızın  qədim adət-ənənələri ilə bağlı milli kulinariyaya məxsus şirniyyat  boxçaları, həmçinin Novruz bayramının simvollarından olan səmənilər,  Rayon Tarix-Diyarşünaslıq muzeyinin  eksponatlarından - nehrə, cəhrə, daraq, səhəng, kuzə, xalça, kilim və sair  kimi  əşyalar  yer almışdır.
Təntənəli bayram  şənliyində iştirak edən Laçın  Rayon  İcra  Hakimiyyətinin başçısı  Aqil Nəzərli  bahar bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, Novruz  bayramının qədim tarixindən, xalqımızın əsrlər boyu bu tarixi bayramı qoruyub yaşatmasından, hətta Azərbaycanın Sovet hakimiyyətinin  əsarəti  altında olduğu dövrdə belə bu bayramın qeyd olunmasına  qoyulan qadağalara  baxmayaraq,  xalqımızın bu el şənliyini daima qeyd etməsindən söhbət açmışdır. Rayon rəhbəri xüsusilə bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin  istər Sovet  dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi  zaman  milli mənəvi  dəyərlərimizin   inkişafına yüksək diqqət və qayğı  ilə yanaşılmış, adət-ənənələrimizin  yaşadılması istiqamətində əməli tədbirlər  görülmüşdür. Rayon  İcra  Hakimiyyətinin başçısı çıxışında  xalqımızın milli adət-ənənələrinə  möhtərəm Prezidentimiz  cənab  İlham Əliyev tərəfindən də yüksək diqqət  və  həssaslıqla yanaşıldığını, bu bayramın  dövlət  səviyyəsində  keçirilməsinə geniş  şərait  yaradıldığını bildirmişdir.  Eyni zamanda rayon rəsmisi çıxışında  Azərbaycan Respubikasının Birinci  vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, YUNESKO  və İSESKO-nun xoşməramlı səfiri Mehriban  xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin inkişafında  göstərdiyi misilsiz  xidmətlərindən  danışmışdır.
Rayon rəhbəri çıxışında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə tarixi  torpaqlarımızın yağı düşmən tapdağından azad ediləcəyinə,  bütün məcburi köçkünlər kimi laçınlıların da ata-baba yurdlarına qayıdacaqlarına, Novruz tonqallarının Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad ediləcək  torpaqlarımızda yandırılacağına qəti əminliyini bildirmişdir.
          Tədbirdə iştirak edən rayonun Milli Məclisdəki Deputatı Mahir Abbaszadə  çıxış edərək, bütün tədbir iştirakçılarını, onların şəxsində bütün rayon sakinlərini Novruz bayramı münasibəti ilə təbrik edərək, rayon ictimaiyyəti ilə birlikdə olmağından məmnunluq duyduğunu bildirmişdir.
Sonra tədbir  mədəniyyət və incəsənət nümayəndələrinin  iştirakı ilə geniş bayram konserti ilə davam etdirilmiş, kosa və keçəlin tədbir iştirakçıları ilə şən viktorinaları təşkil olunmuşdur.
Tədbirdə səsləndirilən rəngarəng  musiqi nömrələri  rayon sakinlərində yüksək  bayram əhval ruhiyyəsi yaratmışdır.

 

Keçidlər