Səyyar rayon müşavirəsi keçirilmişdir.
01.03.2018-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 325 nömrəli şəhər tam orta məktəbinin akt zalında Laçın Rayon İcra Hakimiyyətinin və 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Laçın rayon şöbəsinin birgə təşkilatçılığı ilə səyyar rayon müşavirəsi keçirilmişdir.
Səyyar müşavirədə məntəqə seçki komissiyalarının sədrləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxışında bildirmişdir ki, qarşıdan gələn Prezident seçkiləri həmişə olduğu kimi bu il də Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə tam uyğun şəkildə təşkil olunmalı, azad, sərbəst və şəffaf keçirilməlidir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 98-ci maddəsinin tələblərinə müvafiq olaraq seçkilərin yüksək səviyyədə və mütəşəkkil keçirilməsi, vətəndaşların rahat səsverməsi, komissiya üzvlərinin və müşahidəçilərin normal fəaliyyəti üçün rayon üzrə fəaliyyət göstərən 102 seçki məntəqəsi tam hazırıq vəziyyətinə gətirilmiş, lazımi avadanlıq və texniki vasitələrlə tam təmin edilmişdir. Məcəllənin 46-cı maddəsinin tələblərinə uyğun olaraq seçici siyahıları aidiyyəti qurumlar da bu işə cəlb olunmaqla, işlənib hazırlanmış, ərazidən köçüb gedənlər və vəfat etmiş şəxslər seçici siyahılarından çıxarılmışlar. Seçici siyahılarının dəqiqləşdirilməsində təsərrüfatbaşına kitablarından əsas vasitə kimi istifadə olunmuşdur. Seçki gününədək 18 yaşı tamam olanların, ordu sıralarına çağırılan və tərxis olunun gənclərin, ali və orta-ixtisas məktəblərində əyani təhsil alan tələbələrin uçotuna xüsusi diqqət yetirilmişdir.
Rayon İcra Hakimiyyətin başçısı Aqil Nəzərli Seçki Məcəlləsinin 1.1.28-ci maddəsinin tələblərinə əsasən uzaq və yolu çətin keçilən yerlərdə yaşayan seçicilərin seçki məntəqələrinə çatdırılması üçün nəqliyyat vasitələrinin ayrılmasının təmin edilməsi üçün aidiyyəti qurumlara tapşırıq və tövsiyələrini vermişdir.
Bildirilmişdir ki, seçki sənədlərinin vaxtında gətirilməsi və itkisiz çatdırılması, eyni zamanda seçki ərəfəsində, xüsusi ilə seçki günü sabitliyin və asayişin qorunub saxlanması, seçki məntəqələrinin qanunauyğun şəkildə mühafizəsinin təşkili məqsədilə Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət operativ qruplar yaradılmış, itirilmiş və müddəti bitmiş şəxsiyyət vəsiqələrinin verilməsi üçün şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrlə birlikdə qrafik tərtib olunmuşdur.
Rayonun bütün seçki məntəqələrində rabitə təminatı və elektrik enerjisinin verilməsində bütün zəruri texniki məsələlər yüksək səviyyədə həyata keçirildiyinə görə bu sahələrdə heç bir problem yoxdur.
Sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinə, inzibati ərazi dairəsi üzrə nümayəndələrə vətəndaşların təklif, ərizə və şikayətlərinə həmişəki kimi daim diqqətlə yanaşmaları üçün öz tapşırıqlarını vermişdir.
Rayon rəhbəri müşavirənin yekununda bir daha əmin olduğunu bildirmişdir ki, ölkəmizin bütün şəhər və rayonlarında olduğu kimi Laçın rayonu üzrə də seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun şəffaf, ədalətli, demokratik şəraitdə keçiriləcəkdir.