Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı köçkünlərlə növbəti görüşü Abşeron rayonu Mehdiabad qəsəbəsində keçirilmişdir
28.02.2018-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Abşeron rayonunun Mehdiabad qəsəbəsində müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə, həmin ərazidəki “Gənclər şəhərciyində” fəaliyyət göstərən 9 nömrəli Laçın tam orta məktəbində görüşü-səyyar qəbulu keçirilmişdir.
Görüşdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək, ölkəmizdə və rayonda görülən işlərdən danışmış, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin qayıtması bütün məcburi köçkünlərdə yüksək əhval-ruhiyyə yaratdığını və bunun “Böyük Qayıdış”ın təməli olduğunu, növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda həyata keçiriləcəyinə əminliyini bildirmişdir.
35 nəfərin iştirak etdiyi görüş başa çatdıqdan sonra məcburi köçkünlərlə səyyar qəbul təşkil edilmişdir. Həmin qəbulda 3 nəfər müraciət edərək müvəqqəti məskunlaşdıqları binada istilik sisteminin yaxşılaşdırılmasına, ərazidə mərasim evi üçün yer ayrılmasına, həmiçinin 9 nömrəli Laçın tam orta məktəbinin yaxınlıqda inşa edilmiş Abşeron rayon 5 nömrəli məktəbin binasına köçürülməsinə köməklik olunmasını xahiş etdilər. Qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Daha sonra Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Laçın rayonu 9 nömrəli tam orta məktəbinin fəaliyyəti ilə yaxından maraqlanmış, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov məktəbin fəaliyyət barədə rayon rəhbərinə ətraflı məlumat vermişdir.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə müəssisə rəhbərləri, həmçinin “Gənclər” şəhərciyi üzrə evlər idarəsinin rəisi iştirak etmişdir.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.