Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili, Azərbaycanın Əməkdar Jurnalisti, yazıçı-publisist Aqil Abbasın ssenari müəllifi olduğu “Dolu” filminin nümayişi keçirilmişdir.

21 oktyabr 2012 | 15:00

20 oktyabr 2012-ci il tarixdə Ağcabədi rayonunun Taxta-körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət evində Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbasın “Dolu” romanı əsasında çəkilmiş eyniadlı filmin nümayişi təşkil edilmişdir. Filmin nümayişindən əvvəl yaradıcı heyət və rayon ictimaiyyət nümayəndələri Laçın rayon İcra Hakimiyyəti inzibati binasının qarşısında ulu öndər Heydər Əliyevin büstünü və qəsəbədəki Şəhidlərin Xatirə Kompleksini ziyarət etmiş, hər iki abidə önünə tər güllər düzərək dərin hörmət və ehtiramlarını bildirmişlər.
Sonra tədbir rayon Mədəniyyət evində davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Cəbrayılov yaradıcı heyəti və qonaqları salamlayaraq belə bir filmin məcburi köçkünlər qarşısında nümayiş edilməsinin əhəmiyyətindən danışmış, bu şəraiti yaratdığına və görə göstərdiyi köməkliyə görə filmin ssenari müəllifi, millət vəkili Aqil Abbasa rayon ictimaiyyəti adından dərin təşəkkürünü bildirmişdir. Rayon rəhbəri son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə müasir dövrün tələblərinə uyğun yeni filmlərin çəkilişinə göstərilən əməli dəstəkdən və bu sahədə də əldə olunan nailiyyətlərdən danışmışdır.
Rayon ağsaqqallarının, şəhid ailələrinin, Qarabağ müharibəsi döyüşçülərinin və digər təbəqələrdən olan rayon sakinlərinin toplaşdığı mərasimdə yaradıcı heyət iştirakçılara təqdim olunduqdan sonra filmin nümayişinə başlanılmışdır.
XX əsrin 90-cı illərinin əvvəllərini və Qarabağ müharibəsinin reallıqlarını özündə əks etdirən “Dolu” filmi rayon sakinlərində yüksək təəssürat yaratmışdır. Tamaşaçıların diqqətlə izlədikləri filmdə cərəyan edən hadisələr, xalqımızın qəhrəman övladlarının keçdiyi şərəfli döyüş yolu, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından da, iştirakçılar tərəfindən xüsusi əhəmiyyət kəsb edən sənəd əsəri kimi qiymətləndirilmişdir. Rayon sakinlərinin sürəkli alqışları filmin nümayişi yekunlaşdıqdan sonra, rayon rəhbərliyi tərəfindən filmi ərsəyə gətirən yaradıcı heyətin bütün üzvlərinə laçınlı məcburi köçkünlər adından təşəkkür bildirilmiş, onlara gələcək yaradıcılıqlarında uğurlar arzulanmışdır.
 

Keçidlər