Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqlar və müharibə” mövzusunda keçirilən ümumrespublika tədbirində rayon məktəblilərinin iştirakı təmin olunmuşdur

20 fevral 2018 | 16:00

       Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar 19 fevral 2018-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqlar və müharibə” mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə “Uşaqlar və müharibə” adlı sərgi ilə tanış olublar.
     Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müstəsna xidmətlərindən danışaraq bildirmişdir ki, Heydər Əliyev Fondu artıq dünyanın 70-dən çox ölkəsində Xocalı faciəsinə həsr olunan tədbirlər keçirmişdir. Natiq eyni zamanda bildirmişdir ki, son 200 ildə erməni millətçiləri tərəfindən davamlı olaraq Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti  aparılmış və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən ağır faciəsi olan Xocalı soyqırımı baş vermişdir.
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdiyi qurum tərəfindən “Müharibə uşaqların gözü ilə” adlı kataloqun, Azərbaycan və ingilis dillərində “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” kitabının nəşr edildiyini vurğulamışdır.
Tədbirdə iştirak edən azərbaycanlı və ölkəmizdə təhsil alan, xarici ölkələrin vətəndaşı olan uşaqlar xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri, erməni vəhşiliyi, işğal zamanı həlak olmuş, ziyan çəkmiş insanlar barədə məlumatları iştirakçılara çatdıraraq, bu istiqamətdə mütəmadi şəkildə tədbirlərin keçirilməsini arzu etdiklərini diqqətə çatdırmışlar.
      Tədbirdə digər çıxış edənlər tədbirin əhəmiyyətindən danışaraq, bildirmişlər ki, heç bir rəhmli insan hər hansı bir uşağın, istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi müharibədən əziyyət çəkməsini istəməz. Lakin təəssüflər olsun ki, atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olmuşdur ki, onlardan da 14-ü həlak olmuş, 20-si isə yaralanmışdır. Bu uşaqlardan ən balacası isə iki yaşlı Zəhra Quliyevadır.
     Tədbirdə rayonun müxtəlif ümumtəhsil məktəblərindən 3 nəfər şagirdin – Məmmədova İnci Seymur qızı, Bayramova Müslümə Mətləb qızı  və Məmmədova Elnamə İntiqam qızının iştirakı təmin olunmuşdur.
      Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.

Keçidlər