Laçınlılar kənd təsərrüfatı məhsullarının satış yarmarkasını təşkil etdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığının icrası olaraq, Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 17.02.2018-ci il tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması, eləcədə süni qiymət artımının qarşısının alınması məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir.
Yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, süd məhsulları, ət, həmçinin müxtəlif çeşiddə çərəzlər satışa çıxarılmışdır. Ümumilikdə yarmarkada 1 ton kartof, 510 kqdan çox meyvə, 225 kq-a yaxın ət və digər zəruri ərzaqlar yarmarkaya çıxarılmışdır.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev yarmarkada iştirak etmiş, ərzaq məsullarının qiyməti ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, yarmarkada bütün növ məhsullar bazar qiymətlərindən 20-30 % aşağı qiymətə satılmışdır.
Yarmarkanın ərazisində baytarlıq nəzarət xidmətinin əməkdaşları tərəfindən tibbi müayinələr aparılmışdır. Bununla belə baş verə biləcək qeyri qanuni halların qarşısını almaq üçün yarmarkanın girəcəyində nəzarət tərəzisi quraşdırılmışdır.
Yarmarkada iştirak edən alıcılar bu təşəbbüsə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.