Dini radikalizm, narkomaniya və erkən nigah mövzusunda tədbir keçirildi
08 fevral 2018-ci il tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində rayonun Şamkənd kənd uşaq musiqi məktəbində Laçın Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə dini radikalizm, narkomaniya və erkən nigahın doğurduğu fəsadlar mövzusunda tədbir keçirilmişdir. Qəsəbə ərazisində fəaliyyət göstərən rayonun Taxta Körpü qəsəbə tam orta məktəbinin müəlimlərinin və yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Rayon Polis Şöbəsinin rəisi Adil Əsədov Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət təhlükəsizliyi siyasətinin bu gün də məhz ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Natiq eyni zamanda bildirmişdir ki, dövlətimizin inkişaını istəməyən xarici qüvvələr tərəfindən ölkədə gənclər arasında radikal dini cərəyanların yayılması hallarına cəhd olunur və dövlətimiz tərəfindən belə işlərin qarşısı istənilən halda alınır. Lakin təəssüflər olsun ki, təhsildən kənarda qalan gənclərimizdən bəziləri belə təbliğatın təsiri altına düşür və nəticədə başqa torpaqlar uğrunda mahiyyəti bilinməyən savaşların qurbanına çevrilirlər. Dövlətimizin bütün ümumtəhsil müəssisələrində yüksək səviyyədə təhsil almaq üçün yaratdığı şəraitdən danışan natiq, təhsildən kənarda qalmağın gənclər arasında acı nəticələrə-narkomaniya və erkən nigah kimi problemlərə də səbəb olduğunu bildirmişdir. Narkomaniya və erkən nigahın doğurduğu fəsadlardan danışan Rayon Polis Şöbəsinin rəisi Adil Əsədov narkotiklərin insan orqanizminə, sağlamlığa vurduğu zərərlərdən, ümumilikdə cəmiyyətdə törətdiyi sosial bəlalardan danışaraq, məktəbliləri, gəncləri və bütün tədbir iştirakçılarını narkomaniyaya qarşı mübarizədə fəal olmağa çağırmış, məktəblilərə öz tövsiyyələrini vermiş, yaxşı təhsil almağı arzulamışdır.
Diskusiya şəraitində keçən tədbirdə məktəbliləri maraqlandıran suallara cavab verilmiş və tədbirin sonunda narkomaniyanın acı nəticələrini özündə əks etdirən videoçarx nümayiş olunmuşdur.