Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə 2017-ci ildə görülmüş işlərin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirildi.

07 fevral 2018 | 16:00

      06 fevral 2017-ci il tarixdə Laçın rayon sakinlərinin daha sıx məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində Laçın  rayonu üzrə 2017-ci ildə görülmüş işlərin yekunları və  qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirildi. İclasdan əvvəl rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə tər güllər düzdülər. Sonra Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində rayonun sosial-iqtisadi göstəricilərini özündə əks etdirən, rayonun təhsil,səhiyyə və mədəniyyət müəssisələrinə aid olan stendlərə baxış keçirilmişdir. 
      Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə davam edən yığıncaqda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin  məruzəsi dinlənildi. Məruzədə rayon rəhbəri əvvəlki illərdə olduğu kimi 2017-ci ildə də Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət sayəsində ölkəmizdə dinamik inkişafın və davamlı sabitliyin qorunub saxlandığı, dövlətimizin beynəlxalq arenada nüfuzunun daha da artdığı  bildirilməklə  laçınlı məcburi köçkünlərin məskunlaşdıqları  ərazilərdə də xeyli abadlıq və quruculuq işlərinin görüldüyü qeyd olundu.
        Məruzədə ötən il pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı dövlətimizin başçısının tapşırığına əsasən ölkənin digər bölgələrində olduğu kimi, laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində də tədbirlərin həyata keçirildiyi bildirilib. Ötən il ilk dəfə olaraq 101 hektarda becərilən pambıq sahələrindən 174 ton məhsul əldə olunduğu, ipəkqurdu üçün yem bazasının yaradılması məqsədilə Taxtakörpü ərazisində 11 min 500 ədəd tut tinginin əkildiyi yığıncaq iştirakçılarının nəzərinə çatdırıldı.
Həmçinin bildirilmişdir ki, ötən il 1118 hektarda taxıl, 18 hektarda tərəvəz və bostan bitkiləri becərilmiş, sahələrdən 2259 ton taxıl, 16,2 ton tərəvəz, 122,6 ton bostan məhsulları götürülmüşdür..
       Eyni zamanda diqqətə çatdırılmışdır ki, Abşeron, Sabunçu və Xətai rayonlarında inşa edilən yaşayış binalarında 80 laçınlı məcburi köçkün ailəsi yeni mənzillə təmin edilmişdir.
         Hesabat dövründə rayonun Çıraqlı kənd tam orta məktəbi üçün 350 şagird yerlik yeni məktəb binasının inşa edildiyi, Taxtakörpü ərazisində 57 kilometr uzunluğunda obalararası çınqıl örtüklü avtomobil yolunun təmir olunduğu, Qayğı qəsəbəsi ərazisində 4346 kvadratmetr asfalt örtüyün salındığı, Taxtakörpü ərazisində  məskunlaşmış  köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün  0,4 və 10 kVa-luq hava xətlərində cari təmir işlərinin görüldüyü, 9000 metr naqil xəttinin yenisi ilə əvəz olunduğu, obalarda 13 yeni transmormatorun quraşdırıldığı, 50 ədəd müxtəlif gücə malik transformatorun cari, Qarakeçdi və Mişni obalarında 0,4 kVa-luq elektrik verilişi xətlərinin əsaslı təmir edildiyi barədə geniş məlumat verildi.
      Həmçinin qeyd edilmişdir ki, laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılmış, 2017-ci il ərzində laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 49 səyyar qəbul keçirilmiş, 3437 nəfərin iştirak etdiyi bu qəbullarda  336  nəfər rayon sakininin müraciəti dinlənilmişdir. Səyyar qəbullarda qaldırılan məsələlər ətraflı araşdırılmış, yerlərdə mümkün olan problemlərin  həll olunması üçün aidiyyəti təşkilatlara göstərişlər verilmişdir.
Əhalinin su təminatını yaxşılaşdırmaq üçün Vağazin, Mayis və Sadınlar obalarında yeni subartezian quyuları qazılmış, Mişni obası və 21 ailəlik qəsəbədə su nasosları təmir olunmuşdur. Qarıqışlaq, Qılışlı, Mayis, Alxaslı və Mişni obalarına çəkilmiş plastik içməli su borusunun yararsız vəziyyətə düşmüş 850 metr hissəsi yenisi ilə əvəz edilmiş, 37 ailəlik qəsəbədə olan artezian quyularından qidalanan su xətlərinin üzərində bulaqlar tikilərək əhalinin istifadəsinə verilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Ağbulaq, Sadınlar və Fingə obalarında modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.      
      Məruzə ətrafında çıxışlarda köçkünlər ölkə Prezidentinin uğurlu daxili və xarici siyasətini daim dəstəklədiklərini və onlara göstərdiyi davamlı qayğıya görə minnətdar olduqlarını bildirdilər.
      Çıxışlardan sonra yığıncaq iştirakçıları tərəfindən ərazidə məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 1500 ailəlik qəsəbənin tikintisi, 552 ailəlik qəsəbəyə təsərrüfat suyunun çəkilməsi, imtiyazlı xəstələrə dövlət tərəfindən verilən dərman təminatının artırılması, qəsəbədaxili yolların əsaslı təmiri kimi təkliflər səsləndirilmişdir.
       Sonra rayonun sosial-ictimai həyatında fəal iştirakına görə bir nəfərə, rayonda kənd təsərrüfatının inkişafında qazanılan uğurlara görə bir nəfər rayon sakininə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları,  Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş gənclərə isə Partiyanın üzvlük vəsiqələri təqdim olundu.
     Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağəli Əhmədov və Milli Məclisin deputatı Mahir Abbaszadə çıxış etdilər.
        Sonda qərar layihəsi oxunaraq yığıncaq iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər