Bərdə rayonu ərazisində inşa olunmuş yeni qəsəbə məcburi köçkün ailələrinin istifadəsinə verilmişdir
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2007-ci il tarixli 2475 nömrəli Sərəncamı ilə edilmiş Əlavələrin 1.1-ci bəndinə uyğun olaraq Bərdə rayonunun Təhlə kəndi ərazisində bütün infrastruktura malik yeni qəsəbə salınmışdır.
Yeni qəsəbəyə Bərdə rayonunun ərazisindəki fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195 ailə və ya 831 nəfər məcburi köçkün köçürüləcəkdir. Onlardan 129 ailə Laçın, 46 ailə Ağdam, 20 ailə isə Kəlbəcər rayonlarındandır. Yeni qəsəbə 134 hektar ərazini əhatə edir. Bu qəsəbədə tikilmiş 195 evdən 15-i bir, 98-i iki, 72-si üç, 10-nu isə dörd otaqlıdır. Qəsəbənin ərazisində 198 yerlik məktəb, 25 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina, feldşer-mama məntəqəsi və poçt binası tikilmişdir.
Qəsəbənin tikintisinə 2012-ci ilin may ayından başlanmış və sentyabr ayında tam başa çatdırılmışdır. Tikintinin sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.
Qəsəbə elektrik və qazla tam təmin olunmuşdur.
18 oktyabr 2012-ci il tarixdə qəsəbənin açılışı keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini cənab Natiq Məmmədov, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi cənab Rövşən Ağayev, millət vəkili Nazim Fərəcov, Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, Laçın rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Cəbrayılov iştirak etmişdir.
Mərasim iştirakçıları əvvəlcə evlərə baxmış, Baş nazirin müavini Azərbaycan Prezidenti cənab İlham Əliyevin adından tam təmirli, mebel və digər məişət avadanlığı ilə təmin olunmuş dörd otaqlı evin açarlarını Laçın rayonundan olan məcburi köçkün Əli Hümbətova təqdim etmişdir.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Laçın (8 nəfər), Kəlbəcər (3 nəfər) və Ağdam (5 nəfər) rayonlarından olan 16 nəfər Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi əlilinə minik avtomobillərinin açarları təqdim olunmuşdur.
Tədbir qəsəbədəki Laçın Rayon Təhsil Şöbəsinin V.Abdullayev adına Hacıxanlı kənd tam orta məktəbində davam etmişdir. Burada Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən özfəaliyyət kollektivinin ifa etdiyi xalq mahnıları iştirakçılara xoş ovqat bəxş etmişdir. Sonra Baş nazirin müavini Əli Həsənov məcburi köçkünləri Prezident İlham Əliyevin adından Dövlət Müstəqilliyi Günü və yeni qəsəbənin açılışı münasibətilə təbrik etmiş, dövlətimizin başçısının qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü məqsədyönlü tədbirlər barədə ətraflı məlumat vermişdir.
Tədbirdə Laçın rayonundan olan məcburi köçkün Sədaqət Məhərrəmova qaçqın və məcburi köçkünlər adından çıxış etmiş, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Daha sonra mərasim iştirakçıları yeni qəsəbədəki məktəbə baxmışlar. İlk öncə məktəbin foyesində Ulu Öndər Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən stendlərə, daha sonra isə məktəbin kompüter və gənclərin hərbi çağırışaqədərki hazırlığı siniflərinə, idman zalında idmançıların nümunəvi çıxışlarına baxış keçirilmişdir.