Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın işğal altında olan ərazilərində tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği” layihəsinin icrası Laçın rayonunda da həyata keçirilmişdir.

12 yanvar 2018 | 16:00

      12 yanvar 2018-ci il tarixdə Laçın rayon sakinlərinin daha sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində - Laçın rayonunun Şamkənd kənd uşaq musiqi məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi tərəfindən “Azərbaycanın işğal altında olan ərazilərində tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği” layihəsinin icrası məqsədilə tədbirin keçirilməsi təmin olunmuşdur.
        Ərazidəki ümumtəhsil məktəblərinin müəllim və yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Laçın Rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Mustafayev tarix və mədəniyyət abidələrinin nəsildən-nəslə ötürülən, dəyəri heç nə ilə ölçülməsi mümkün olmayan, həmin xalqın qeyri-maddi mədəni irsi olduğunu bildirmişdir. Eyni zamanda bildirmişdir ki, ermənilər işğal etdikləri ərazilərdə abidələri məhv etməklə yanaşı  3000-dən çox abidə üzərində daş divar yazıları, bədii nümunələr dəyişdirilərək erməniləşdirilməyə məruz qalmışdır. Məhz bu səbəbdən işğal altında qalan milli-mədəni dəyərlərimizin öyrənilməsi və mühafizəsinin təşkili günümüzün həlli vacib olan ən aktual məsələlərindən biridir.
      “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyinin təlimçisi Rasim Bəşirov Azərbaycanın işğal altında olan ərazilərində tarix və mədəniyyət abidələrinin keçmişi və bugünkü vəziyyəti ilə bağlı çıxış edərək bildirmişdir ki, dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı özünün maddi-mədəniyyət abidələri ilə bütün dünyada tanınmışdır. SSRİ hakimiyyəti illərində Azərbaycan ərazilərində daşınmaz tarix və mədəniyyət abidələrinin aşkar edilməsi, qeydiyyatı və mühafizə edilməsi işləri səthi aparıldığından Azərbaycanda xeyli sayda tarix və mədəniyyət abidələri qeydiyyatdan kənarda qalmış, abidələrin pasportlaşdırılması işləri isə ümumiyyətlə aparılmamışdır. Bu isə Azərbaycanın işğal olunmuş ərazilərində özünü daha qabarıq şəkildə büruzə verir. Natiq eyni zamanda bildirmişdir ki, məqsədimiz əzəli tarixi yurdumuz olan Qarabağın, o cümlədən qədim insan məskəni olan Laçın rayonu haqqında daş dövründən bu günə qədər mövcud olan tarixi abidələrin tarixini və onların sonrakı taleyi haqqında məlumatları gənclərə çatdırmaqla yanaşı, bu abidələrin mühafizəsi məqsədilə  beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmaq və onların diqqətini bu məsələyə yönəltməklə bu abidələrin qorunmasına nail olmaqdır. Eyni zamanda o, bildirmişdir ki, tarix və mədəniyyət abidələrinin məhv edilməsi bir xalqın milli varlığının yer üzündən silinməsinə bərabər olan bir hadisədir.
         Tədbirdə iştirak edən Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi  müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı  Cabir Əvəzzadə Azərbaycan Respublikasının dövlətçilik tarixinə, milli-mənəvi, eyni zamanda maddi-mənəvi dəyərlərinə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan diqqət və qayğının  məhz bu gün Ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini bildirmiş, bu mövzuda tədbirin ərazisi işğal olunmuş bir rayonun məktəbliləri ilə keçirilməsinin çox təqdirəlayiq bir hal olduğunu bildirmişdir. Natiq eyni zamanda bildirmişdir ki, ermənilərin işğal etdikləri ərazilərdə Azərbaycanın tarixini məqsədli şəkildə məhv etməsi, yer adlarını və toponimləri dəyişdirməsi, mədəni dəyərlərimizi qarət etməsi Azərbaycan dövlətinə rəqəmlərlə hesablanması mümkün olmayan  zərər vurmuşdur. İşğal olunmuş ərazilərdə tarixi abidələrin mühafizəsi və qorunması məqsədlə dövlətimİz tərəfindən mütəmadi işlər aparılır, aidiyyəti beynəlxalq təşkilatlar qarşısında daima məsələlər qaldırılır.
      Tədbirdə çıxış edən digər natiqlər də ermənilərin tarix və mədəniyyət abidələrimizə qarşı törətdikləri vandalizm hərəkətlərini pisləyərək, bildirmişlər ki, bu gün Azərbaycanın güclü ordusu var. Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qədim yurd yerlərini düşmənlərdən azad edəcək və tarixi abidələrimizə sahib çıxacaq.
         Tədbirin sonunda iştirakçılara bukletlər və sertifikatlar təqdim olunmuşdur.

Keçidlər