Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.
15.12.2017-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri Binəqədi rayonunun Sulutəpə yaşayış massivində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə, həmin ərazidəki 6 nömrəli Laçın tam orta məktəbində görüşü - səyyar qəbulu keçirilmişdir.
Görüşdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək, ölkəmizdə və rayonda görülən işlərdən danışmış, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin qayıtması bütün məcburi köçkünlərdə yüksək əhval-ruhiyyə yaratdığını və bunun “Böyük Qayıdış”ın təməli olduğunu, növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda həyata keçiriləcəyinə əminliyini bildirmişdir.
65 nəfərin iştirak etdiyi görüş başa çatdıqdan sonra məcburi köçkünlərlə səyyar qəbul təşkil edilmişdir. Həmin qəbulda 7 nəfərin müraciəti dinlənilmiş və həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Daha sonra Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 6 nömrəli Laçın tam orta məktəbinin fəaliyyəti ilə yaxından maraqlanmışdır. Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov məktəbin fəaliyyəti və uğurları barədə rayon rəhbərinə ətraflı məlumat vermişdir.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.