Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüşü Xətai rayonunda keçirildi.
2017-ci il 30 noyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Xətai rayonunun “ Zığ” qəsəbəsindəki 28 nömrəli Laçın tam orta məktəbinin binasında həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü - səyyar qəbulu keçirildi.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı görüşdə çıxış edərək, hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında geniş quruculuq və abadlıq işlərinin davam etdirildiyini, qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişafı ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçirildiyini bildirdi. Rayon rəhbəri çıxışında xüsusilə vurğuladı ki, ölkə başçısı tərəfindən aparılan düşünülmüş sosial-iqtisadi siyasət sayəsində əhalinin rifah halı davamlı olaraq yüksəlmiş, məcburi köçkünlərə göstərilən diqqət və qayğı daha da artırılmışdır. Belə ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində məcburi köçkünlər üçün 3,2 milyon kvadratmetr sahəsi olan müasir qəsəbələr salınmış, 250 mindən çox məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmış, bu məqsədlə 2,3 milyard manat vəsait sərf olunmuş, indiyədək bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün 6,6 milyard manat vəsait xərclənmişdir. Son vaxtlar məcburi köçkünlər üçün Sumqayıt şəhərində, Qaradağ və Tərtər rayonları ərazisində yeni salınan qəsəbələr, Abşeron rayonunun Masazır qəsəbəsində 80 laçınlı ailəsinin yeni mənzillərə köçürülməsi və bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı, 28.11.2017-ci il tarixdə ölkə Prezidenti cənab İlham Əliyevin Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə şəxsən tanış olması, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə aparılan geniş abadlıq-quruculuq işləri bunun bariz nümunəsidir. Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli yaxın zamanlarda yataqxanalarda , pansionatlarda, uşaq bağçalarında və yaşayış üçün nəzərdə tutulmayan digər binalarda müvəqqəti məskunlaşmış bütün məcburi köçkünlərin yeni mənzillərlə təmin ediləcəyini bildirdi.
Rayonun rəhbəri qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı xarici siyasət nəticəsində dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı fikir formalaşmış, bütün mötəbər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bunu təsdiqləyən bir çox qərar və qətnamələr qəbul etmişlər. Bu yaxınlarda Avropa İttifaqının Şərq Tərəfdaşlığı zirvə görüşündə qəbul edilmiş yekun bəyannamədə də Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyi bir daha təsdiqlənmiş və dəstəklənmişdir. Bu bizim böyük diplomatik nailiyyətimizdir.
Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin qayıtması bütün məcburi köçkünlərdə yüksək əhval-ruhiyyə yaratdığını və bunun “Böyük Qayıdış”ın təməli olduğunu, növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda həyata keçiriləcəyinə əminliyini bildirdi.
110 nəfərin iştirakı ilə keçirilmiş görüş başa çatdıqdan sonra səyyar qəbul keçirildi. Səyyar qəbulda 8 nəfərin müraciəti dinlənildi və həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verildi.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Görüşdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri , idarə və müəssisə rəhbərləri , aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etdilər