Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü Sabirabad rayonunda keçirilmişdir.
24.11.2017-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Sabirabad şəhərində həmin rayonun ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü - səyyar qəbulu keçirilmişdir.
Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli görüşdə çıxış edərək, ölkəmizdə və rayonda görülən işlərdən danışmış, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin qayıtması bütün məcburi köçkünlərdə yüksək əhval-ruhiyyə yaratdığını və bunun “Böyük Qayıdış”ın təməli olduğunu, növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda həyata keçiriləcəyinə əminliyini bildirmişdir.
45 nəfərin iştirak etdiyi görüş başa çatdıqdan sonra məcburi köçkünlərlə səyyar qəbul təşkil edilmişdir. Həmin qəbulda 8 nəfərin müraciəti dinlənilmiş və həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Görüşdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Aslan Abbasov, Laçın Rayon prokuroru Ceyhun Almasov, Laçın Rayonu İcra Hakimiyyəti başçısının Arduşlu kənd inzibati ərazi dairələri üzrə nümayəndəliyinin əməkdaşları iştirak etmişlər.