Payız-qış mövsümü öncəsi içməli su təchizatı sistemlərində cari təmir işləri aparılır.
Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində və ətraf yaşayış məntəqələrində məcburi köçkünlərin içməli suya olan tələbatlarını normal qaydada ödəmək üçün Laçın Rayon Sukanal İdarəsinin balansında olan nasos stansiyalarına və içməli su təchizatı sistemlərinə idarənin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, ehtiyac olan yerlərdə cari təmir işləri aparılmış, baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı və ehtiyat tədbirlər görülmüşdür.
Laçın Rayon Sukanal İdarəsinin rəisi Bayram Həsənov məlumat vermişdir ki, Laçın rayon Sukanal idarəsi tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində Taxtakörpü ərazisindəki Mişni obasında və 21 ailəlik qəsəbədə su nasosları təmir olunmuş, Qarıqışlaq, Qılışlı, Mayis, Alxaslı və Mişni obalarına gedən diametri 20-50 mm-lik plastik borudan olan içməli su xətlərində yararsız vəziyyətə düşmüş 450 m hissəsi yenisi ilə əvəz edilmiş, 21 ailəlik qəsəbədəki su qülləsində, 552 ailəlik qəsəbədə, 37 ailəlik qəsəbədə, Taxtakörpü-Qarakeçdi-Şeylanlı, Mişni - Mayis magistral su xəttində baş vermiş qəzalar aradan qaldırılmış, 21 ailəlik, Qaradolaq və Qarıqışlaq ərazisindəki çənlər təmir olunmuşdur. Laçın Rayon Mərkəzi Xəstəxanasına diametri 25 mm-lik polietilen boru ilə 200 p/m, 37 saylı qəsəbəyə 40 p/m yeni su xətti çəkilmişdir. Laçın Rayon İcra Hakimiyyətində və Rayon Mərkəzi Xəstəxanasında smart tipli, 552 ailəlik qəsəbədə isə mexaniki su sayğacları quraşdırılmışdır.
Ərazidəki nasosxana və içməli su sistemlərində cari təmir işlərinin 15.11.2017-ci il tarixədək başa çatdırılması nəzərdə tutulur.
İçməli su təchizatının yaxşılaşdırılması sahəsində görülmüş işlər laçınlı məcburi köçkünlər tərəfindən razılıqla qarşılanmışdır.