Tələbə adınız mübarək əziz laçınlı gənclər!
Bildiririk ki, 29 sentyabr 2012-ci il tarixdə Bakı şəhərində, Azərbaycan Dövlət Texniki Universitetində Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmuş laçınlı tələbə-gənclərlə görüş keçirilmişdir.
Görüş iştirakçıları əvvəlcə Universitetin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər güllər düzərək xalqımızın Ümummilli liderinə sonsuz hörmət və ehtiramlarını bildirmişlər.
Sonra tədbir Universitetin akt zalında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov bütün iştirakçıları salamlayaraq tələbə adını qazanmış gəncləri, onların müəllim və valideynlərini təbrik etmişdir. Rayon rəhbəri çıxışında ölkə Prezidentinin rəhbərliyi altında bütün sahələr kimi təhsil sahəsində də həyata keçirilən məqsədyönlü tədbirlərdən ətraflı söz açmış, məhz bu diqqət və qayğının nəticəsi olaraq bu il də 175 nəfər laçınlı gəncin respublikanın ali məktəblərinə qəbul olunduğunu, bu göstəricinin ötən ilə nisbətən 31 nəfər çox olduğunu bildirmişdir. Çıxışda, tələbə adını qazanmış gənclərdən 19 nəfərinin 500-dən çox, 8 nəfərin 600-dən yuxarı, bir nəfəri isə 695 bal toplayaraq Prezident təqaüdünə layiq görüldüyü xüsusilə qeyd olunmuşdur.
Görüşdə iştirak edən qonaqlardan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Kərim Kərimov, Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Milli Məclisin üzvləri Nazim Fərəcov, Tahir Rzayev və Texniki Universitetin rektoru Havar Məmmədov çıxış edərək tələbələri təbrik etmiş, onlara təhsillərində uğur arzulamışlar.
Tədbirdə valideynlərdən Bakı Dövlət Universitetinin professoru Ələmdar Şahverdiyev və tələbələrdən Qafqaz Universitetinə qəbul olunmuş, Prezident təqaüdçüsü Kamran Muradov, Azərbaycan Diplomatik Akademiyasının tələbəsi Ülvi Salahov çıxış edərək təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə valideyn və tələbələr adından minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda ən yüksək nəticə göstərən tələbələrdən 13 nəfəri nootbubuk kompüteri, 20-dən çox tələbə isə qiymətli hədiyyələrlə mükafatlandırılmış, yüksək nəticələr göstərmiş məktəb kollektivlərinə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim edilmişdir.
Sonda rayon rəhbərliyi və qonaqlar tələbələrlə birgə xatirə şəkli çəkdirmişlər.