Cari ilin oktyabr ayı ərzində laçınlı məcburi köçkünlərlə beşinci görüş-səyyar qəbul keçirilmişdir
25.10.2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki “Nərimanneft“ Neft və Qazçıxarma İdarəsinin 4 nömrəli yataqxanasında həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli görüşdə çıxış edərək, hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında geniş quruculuq və abadlıq işlərinin davam etdirildiyini, qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişafı ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçirildiyini bildirdi. Rayon rəhbəri çıxışında xüsusilə vurğuladı ki, ölkə başçısı tərəfindən aparılan düşünülmüş sosial-iqtisadi siyasət sayəsində əhalinin rifah halı davamlı olaraq yüksəlmiş, məcburi köçkünlərə göstərilən diqqət və qayğı daha da artırılmışdır. Son vaxtlar məcburi köçkünlər üçün Sumqayıt şəhərində, Qaradağ və Tərtər rayonları ərazisində yeni salınan qəsəbələr, Abşeron rayonunun Masazır qəsəbəsində 80 laçınlı ailəsinin yeni mənzillərə köçürülməsi və bununla bağlı keçirilən tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsən iştirakı, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə aparılan geniş abadlıq-quruculuq işləri bunun bariz nümunəsidir. Rayon rəhbəri yaxın zamanlarda yataqxanalarda , pansionatlarda, uşaq bağçalarında və digər yaşayış üçün nəzərdə tutulmayan binalarda müvəqqəti məskunlaşan bütün məcburi köçkünlərin yeni mənzillərlə təmin olunacağına əminliyini bildirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin qayıtması bütün məcburi köçkünlərdə yüksək əhval-ruhiyyə yaratmışdır. O, bu tarixi hadisənin “Böyük Qayıdış”ın təməli olduğunu, növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda həyata keçiriləcəyini bildirmişdir.
55 nəfərin iştirak etdiyi görüşdən sonra keçirilmiş səyyar qəbulda 6 nəfərin müraciəti dinlənildi və həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verildi.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Görüşdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etdilər.