Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr Bilik Günüdür

16 sentyabr 2012 | 15:00

Son illər ölkə Prezidentinin sərəncamı ölkəmizin təhsil sistemində rəsmi açılış günü kimi qeyd edilən “15 sentyabr Bilik Günü” bu ildə rayonun ümumtəhsil məktəblərində təntənəli şəkildə qeyd olundu.
Yeni dərs ilinin ilk günündə bir sıra məktəblərdə olan Laçın rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Cəbrayılov rayonun bütün pedaqoji kollektivlərini təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Rayon rəhbəri, xüsusilə ötən dərs ilində ölkə Prezidenti cənab İlham Əliyevin açılışında şəxsən iştirak etdiyi Taxta körpü tam orta məktəbini rayonun təhsil işçiləri üçün böyük şərəf olduğunu qeyd etmişdir. Bununla yanaşı o, bildirmişdir ki, bu yaxınlarda Şəki rayonunda istifadəyə verilmiş qəsəbədə bir məktəbin rayonumuzun təhsil işçilərinin istifadəsinə verilməsi, həmçinin yaxın vaxtda Bərdə rayonu ərazisində yeni inşa edilmiş qəsəbədə rayonun bir məktəbinin yeni binada fəaliyyətə başlayacağı ölkə Prezidentinin yeni tədris ilində laçınlılara olan ən böyük hədiyyəsidir. Rayon İcra Hakimiyyəti başçısı bu diqqət və qayğıya görə rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmiş, rayon təhsil işçilərinə göstərilən bu etimadı əməli işləri ilə doğrultmağı tövsiyə etmişdir.
Taxta körpü qəsəbə tam orta məktəbinin kollektivi ilə görüşündə rayon İcra Hakimiyyətinin başçısı rayon üzrə ali məktəbə qəbul olunmuş 175 nəfərdən 4 nəfərin də bu məktəbin yetirməsi olmasını yüksək qiymətləndirmiş, yeni dərs ilində də bu ənənənin davam etdirilməsini arzulamışdır.
2012-2013-cü dərs ilinə hazırlıqla əlaqədar bildiririk ki, hazırda rayon üzrə 128 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bunlardan 5-i ibtidai, 39-u ümumi orta, 84-ü tam orta məktəb, 5-i isə məktəbdənkənar təhsil müəssisəsidir. Hazırda bu məktəblərdə təhsil alacaq şagirdlərin ümumi sayı 1045 nəfərdir ki, bunlardan da 1067 nəfəri birinci sinfə gələn şagirdlərdir. Şagirdlərin təlim-tərbiyəsi ilə 3000-ə yaxın müəllim məşğuldur ki, onlardan da 85 nəfəri yeni dərs ili ərəfəsində Təhsil Nazirliyinin göndərişi ilə gəlmiş və işlə təmin edilmiş gənc müəllimlərdir. Onu da bildiririk ki, yeni dərs ili ərəfəsində rayonun ümumtəhsil məktəblərində 5-ci siniflərə dərs deyəcək 870 nəfər müəllim müvafiq regionlar üzrə təşkil edilmiş kurikulum təlim kurslarından keçmiş və lazımi sertifikatlar almışlar.
Yeni tədris ilinə hazırlıqla əlaqədar rayon üzrə büdcə vəsaiti hesabına 13 məktəbdə digər məktəblərdə isə daxili imkanlar hesabına cari təmir işləri aparılmış, 32 məktəbdə əsaslı təmir işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən aidiyyəti mütəxəssislərin iştirakı ilə baxış keçirilərək müvafiq Dövlət Proqramına daxil edilmişdir.
Bununla yanaşı dərs ili ərəfəsində rayon Təhsil şöbəsi tərəfindən 150 ədəd təzə parta, 300 ədəd şagird stolu, 83 ədəd yazı lövhəsi, 177 ədəd kitab rəfi 170 ədəd müəllim stolu, 200 ədəd stul, 300 ədəd soba, 62 adda 13908 nüsxə dərslik alınıb gətirilməsi məktəblərin maddi-texniki bazasını xeyli yaxşılaşdırmışdır. Həmçinin dərs ili ərəfəsində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə birinci siniflərdə oxuyacaq 1067 şagirdə məktəbli çantası və yazı ləvazimatı, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən isə verilmiş 1539 dəst məktəbli forması vaxtında gətirilərək şagirdlərə paylanılmışdır.
 

Keçidlər