18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günüdür
18 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibəti ilə Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının inzibati binasında tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov açıq elan etdikdən sonra, 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibəti ilə bütün xalqımızı və tədbir iştirakçılarını təbrik etmiş, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsini Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu bildirmişdir. Müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu vurğulayan natiq 1992-1993-cü illərdəki Azərbaycanda yaranmış anarxiyadan, vətəndaş müharibəsindən danışaraq, bu müstəqilliyin qorunub saxlanmasında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, Ulu öndərin xalq, Vətən qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi praqmatik düşüncəli, məntiqli, geniş dünya görüşə malik bir şəxsiyyəti yetirməsidir. Onun yarımçıq qalmış işləri Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir.
Tədbirdə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə “Müstəqilliyimiz xalqımızın ən böyük nəaliyyətidir” adlı məruzə dinlənilmişdir.
Məruzə ətrafında çıxış edən rayon ziyalıları da Azərbaycan Respublikasının Dövlət müstəqilliyi günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, 1993-cü ilin ortalarında Azərbaycanda baş verən hərc-mərclikdən, hakimiyyət özbaşınalığından, baş verə biləcək vətəndaş müharibəsindən, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından danışaraq, dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu bildirmişlər.
Eyni zamanda çıxışlarda qəti əminliklə bildirilmişdir ki, xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaq, dövlət müstəqilliyimizi əbədi edəcəkdir.