9 oktyabr - Ümumdünya Poçt Günü Laçın Rayon Rabitə Qovşağında qeyd olunmuşdur.
9 oktyabr 2017-ci il tarixdə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində müvəqqəti fəaliyyət göstərən Laçın Rayon Rabitə Qovşağında Ümumdünya Poçt Günü qeyd olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Rayon Rabitə Qovşağının rəisi Tahir Bayramov 9 oktyabr - Ümumdünya Poçt Günü münasibətilə qovşağın kollektivini təbrik etmiş, onlara çətin və şərəfli peşələrində yorulmaz fəaliyyət arzulamışdır. Poçt sahəsində çalışanlara əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qayğısının bu gün də məhz Ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyindən ətraflı danışan idarə rəhbəri çıxışının sonunda “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktor müavini Sübhan Kazımovun təbrik teleqramını tədbir iştirakçılarına oxumuşdur.
Azərbaycanda Poçt rabitəsinin keçdiyi inkişaf yolundan danışan Rayon Rabitə Qovşağının rəisi bildirmişdir ki, Azərbaycanın Milli Operatoru “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət hazırda ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxlərə münasib qiymətlərlə ənənəvi, qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Cabir Əvəzzadə qovşağın kollektivini Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin adından təbrik etmiş, müstəqilliyin ilk illərində digər qonşu ölkələrdə olduğu kimi Azərbaycanda da poçt rabitəsinin çətinliklər yaşadığını, 1997-ci il yanvar ayının 1-dən etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlamasını Ulu öndər Heydər Əliyev tərəfindən poçt rabitəsi sahəsinin inkişafında əsaslı dönüşün yaradılması üçün ən önəmli bir başlanğıcın olduğunu bildirmişdir. Eyni zamanda vurğulanmışdır ki, Poçt rabitəsinin tarixində ilk dəfə olaraq 2002-ci ildə milli “Poçt Rabitəsi Qaydaları” hazırlanaraq təsdiq edilməsi, 2004-cü il iyun ayının 29-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ilk dəfə “Poçt Rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun imzalanması Poçt rabitəsinin daha da inkişaf etməsində mühüm rol oynamışdır.
Rayon Rabitə Qovşağının əməkdaşları onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdar olduqlarını, ölkəmizin gələcəyi və inkişafı naminə bütün qüvvələri ilə çalışacaqlarını bildirmişlər.