1 Oktyabr - Beynəlxalq Ahıllar Günüdür
1 oktyabr - Beynəlxalq Ahıllar Günüdür. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmiş və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədini daşıyır.
1993-cü ildən başlayaraq Beynəlxalq Ahıllar Günü ölkəmizdə də qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, 2001-ci il 22 iyun tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalamışdır. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
Ölkəmizdə yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ahıllarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar günündə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur: qocalar səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri keçirilir. Bütün bu tədbirlər isə Azərbaycan dövlətinin qüdrətini və onun hər bir vətəndaşına olan qayğısının göstəricisidir.
Bu gün Laçın rayonunda əhalinin 3550 nəfərinin yaşı 70 və 70-dən yuxarıdır ki, onlardan 1574 nəfəri kişi, 1976 nəfəri isə qadındır. Rayon üzrə yaşı 100 və 100-dən yuxarı olanlar 18 nəfərdir ki, onlardan da 1 nəfəri kişi, 17 nəfəri isə qadındır.