Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 99-cu ildönümü qeyd olunmuşdur
30.09.2017-ci tarixdə Laçın Rayon Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını və Azərbaycan Prokurorluğunun yaradılmasının 99-cu ildönümünü qeyd etmişlər. Rayon Prokurorluğunun əməkdaşları və rayon fəalları Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, abidə önünə tər güllər düzmüşlər. Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin adından prokurorluq işçilərini bu peşə bayramları münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Sonra tədbir Laçın Rayon Prokurorluğunda davam etdirilmişdir. Laçın rayon prokuroru Ceyhun Almasov prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 99-cu ildönümü ilə bağlı bütün prokurorluq işçilərini təbrik etmiş, prokurorluq işçilərinin ölkəmizdə bütün dövrlərdə dövlət müstəqilliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə önəmli rol oynamasından geniş söhbət açmışdır. O, həmçinin qeyd etmişdir ki, ən çətin anda, ən dar məqamda prokurorluq işçiləri həmişə xalqımızın köməyinə çatmış, suverenliyimizin qorunmasında xalqımıza ləyaqətlə xidmət etmişdir. Bu gün Azərbaycanın ən stabil, ən sabit bir məmləkət olduğunu bildirən rayon prokuroru Ceyhun Almasov xalqımızın ümummilli lideri Heydər Əliyevin, 2003-cü ildən isə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan prokurorluq işçilərinin öz xidməti vəzifələrini ləyaqətlə yerinə yetirmələrindən fəxarətlə danışmışdır.
Rayon prokuroru Ceyhun Almasov 1998-ci il 17 iyul tarixdə ölkə Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikasının Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə imzaladığı sərəncamdan danışaraq, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Prokurorluğunun qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməkl, sivil və demokratik inkişaf yolu keçdiyini bildirmişdir.
Tədbirdə çıxış edən rayonun digər hüquq-mühafizə orqanlarının rəhbərləri də prokurorluq işçilərini peşə bayramı günü münasibəti ilə təbrik etmiş, ölkəmizdə əmin-amanlığın qorunmasında prokurorluq orqanlarının əvəzolunmaz xidmətlərini yüksək qiymətləndirmiş, onlara gələcək işlərində uğurlar arzulamışlar.