Laçın rayon Təhsil işçilərinin növbəti konfransı keçirilmişdir
12 sentyabr 2012-ci il tarixdə rayon təhsil işçilərinin növbəti konfransı keçirilmişdir. Konfransdan əvvəl çoxsaylı rayon təhsil işçiləri və ictimaiyyət nümayəndələri Laçın rayon İcra Hakimiyyətinin inzibati binası qarşısına gələrək ulu öndər Heydər Əliyevin büstünü, sonra isə Taxta körpü qəsəbəsindəki Şəhidlərin adını əbədiləşdirən “Xatirə Kompleksi”ni ziyarət etmiş, hər iki abidə önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər.
Rayon Mədəniyyət evində keçirilən tədbirdə, konfrans iştirakçıları əvvəlcə ötən dərs ilində, 24 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu Taxta körpü qəsəbəsinə tarixi səfəri zamanı qəsəbədə 360 yerlik müasir məktəb binasının açılışından bəhs edən diskə bir daha böyük maraqla tamaşa etmişlər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə konfrans öz işinə başlamışdır.
Konfransda rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyev “2011-2012-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə ötən tədris ilində rayon təhsil sistemində əldə edilmiş uğurlar, həmçinin çətinlik və geriliklər ətraflı təhlil olunmuşdur. Bildirilmişdir ki, ölkə Prezidentinin daim diqqət və qayğısı ilə əhatə olunan laçınlı təhsil işçilərinin əldə etdikləri ən önəmli nəticə isə rayon üzrə bir nəfər qabaqcıl təhsil işçisinin “Əməkdar müəllim”, rayonun tam orta məktəbini bitirən 580 nəfər şagirddən bir nəfərin qızıl medala, 175 nəfərin isə tələbə adına layiq görülməsidir. Konfransda məruzə ətrafında rayonun qabaqcıl və təcrübəli məktəb rəhbərləri, təhsil işçiləri çıxış etmiş, fikir və mülahizələrini bölüşmüşlər. Konfransda rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov çıxış edərək ölkəmizdə prioritet məsələlərdən biri olan təhsillə bağlı görülən işlərdən, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri hərtərəfli diqqət və qayğıdan danışmış, ötən son 9 il ərzində də təhsilin inkişafı ilə bağlı mühüm Sərəncamların imzalandığını, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışmışdır. Rayon rəhbəri bildirmişdir ki, təhsil müəssisələrinin vəziyyəti daim rayon İcra Hakimiyyətinin nəzarətində olmuş, yeni dərs ilinə hazırlıqla əlaqədar rayonun bir sıra təhsil ocaqlarında büdcə vəsaiti digərlərində isə daxili imkanlar hesabına cari təmir işləri görülmüşdür. Bununla yanaşı rayonun təhsil sistemində mövcud olan nöqsanlara münasibət bildirən rayon rəhbəri Təhsil şöbəsi və məktəb rəhbərlərinə qısa zamanda işlərində dönüş yaradılması, əmək intizamı, keyfiyyət göstəricilərinin yüksəldilməsi, vahid məktəbli formasına keçidin diqqətdə saxlanılması tapşırılmışdır.
Konfransda çıxış edən natiqlər respublikamızda təhsilə göstərdikləri yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirmişlər. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi İsak Məmmədov iştirak edərək, rayon təhsil işçiləri qarşısında çıxış etmişdir.
Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.