Laçın Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir
2017-ci il 25 sentyabr tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının iclas zalında Laçın rayonunun Alxaslı kəndindən olan, hazırda Taxtakörpü ərazisindəki Alxaslı obalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sosial-iqtisadi məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirədə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri, habelə kənd ağsaqqalları və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Məlumat verilmişdir ki, Laçın rayonunun Alxaslı kəndindən olan 209 ailədən ibarət 656 nəfər məcburi köçkün əhali 1992-ci ilin may ayından sonra Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki eyniadlı 10 obada müvəqqəti məskunlaşmışlar. Hazırda Alxaslı obasında tam orta məktəb, xəstəxana, klub, kitabxana, baytar məntəqəsi fəaliyyət göstərir. 3,6 min torpaq sahəsi olan Alxaslı obalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurlar.
Müşavirdə təhsil, səhiyyə, kənd təsərrüfatı sahələri üzrə bir sıra məsələlərin həlli istiqamətində ətraflı müzakirələr aparılmış, kənd sakinlərinin fərdi və kollektiv təklifləri dinlənilmişdir.
İrəli sürülmüş həmin təkliflərin icrası üzrə iş aparılması məqsədilə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının tədbirlər planının hazırlanması üçün aidiyyəti üzrə lazımi tapşırıqlar verilmişdir.
Kənd sakinləri onların qayğılarına xüsusi diqqət göstərildiyi üçün rayon rəhbərliyinə öz minnətdarlıqlarını bilirmişlər.