Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli Bakıda “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı - Cocuq Mərcanlı” filminin təqdimatında iştirak etmişdir.
2017-ci il sentyabrın 21-də Bakıda “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı - Cocuq Mərcanlı” filminin təqdimatına həsr olunan tədbir keçirilmişdir. Tədbirdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli də iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan əvvəlki vəziyyətini və bərpası ilə bağlı görülən işləri əks etdirən stendlərə baxmışlar.
Cocuq Mərcanlıya həsr olunan kitab və film Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanmışdır.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək, Cocuq Mərcanlının Horadiz əməliyyatı zamanı işğaldan azad olunduğunu bildirmişdir. Diqqətə çatdırılmışdır ki, ötən il aprel döyüşləri zamanı qəhrəman Azərbaycan Ordusunun mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini işğaldan azad etməsi əhalinin kəndə qayıdaraq rahat yaşamasına imkan yaratmışdır. Baş nazirin müavini Əli Həsənov daha sonra bildirmişdir ki, 5 il əvvəl möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə qaçqın və məcburi köçkün uşaqların hərbi təhsilə cəlb edilməsi ilə bağlı müşavirə keçirilmişdir: "Bu müşavirənin nəticəsi artıq ortadadır. Onu da nəzərə çatdırım ki, aprel döyüşlərində torpaqların azad edilməsində iştirak edənlərin mütləq əksəriyyəti məcburi köçkün zabitlər, əsgərlər olmuşdur. Bu gün də cəbhə bölgəsində hər 3 korpusun komandiri məcburi köçkündür".
Azərbaycan Prezident cənab İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə Böyük Qayıdış prosesinə start verilmişdir.