15 sentyabr - Bilik günü ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Laçın rayonunun Mişni kənd tam orta məktəbində olmuşdur
15 sentyabr - Bilik Günü ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin əməkdaşları rayonun ümumtəhsil məktəblərində olmuş, şagirdlər, valideynlər və müəllimlərlə görüşmüş, yeni dərs ilinin başlanması münasibəti ilə onları təbrik etmişlər.
Yeni dərs ilinin ilk günündə Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Mişni obasında fəaliyyət göstərən Laçın rayonunun Mişni kənd tam orta məktəbində olan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəb kollektivini təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Müstəqilliyimizin ilk illərindən təhsilə olan dövlət qayğısının Ulu Öndər Heydər Əliyev tərəfindən əsasının qoyulduğunu bildirən rayon rəhbəri, bu işin dövlət başçımız cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, məhz bunun nəticəsində ölkə gənclərinin dünyanın ən nüfuzlu universitetlərində təhsil almalarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli böyük sevinc hissi ilə vurğulamışdır ki, bu gün göz önündə qurulub-çiçəklənən, hər gün bir yenilik, inkişaf gördüyümüz Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin tarixində yeni bir səhifə açılır. Belə ki, 24 illik yurd həsrətindən sonra öz doğma torpaqlarına, xarabalıq üzərində yenidən qurulan yurd-yuvalarına qovuşmuş Cocuq Mərcanlı sakinləri bu gün daha bir bayram sevinci yaşayırlar. Artıq bu gün həmin kənddə 24 ildən sonra yenidən məktəb zəngi səslənmişdir. Bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı düşünülmüş siyasətinin məntiqi nəticəsidir, böyük uğurudur, daha doğrusu “Böyük Qayıdış”a doğru gedən yoldur. Biz laçınlı məcburi köçkünlər bu tarixi gündə cocuq mərcanlılıları, məktəbliləri təbrik edirik. Rayon rəhbəri işğal altında olan torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyi günün çox da uzaqda olmadığını, 15 sentyabr - Bilik gününün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki kimi işğaldan azad ediləcək ərazilərimizdəki məktəblərimizdə gerçəkləşəcəyinə əminliyini bildirmişdir.
Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov məlumat vermişdir ki, 2017 - 2018-ci dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alacaq şagirdlərin ümumi sayı 11 498 nəfərdir ki, bunlardan da 1143 nəfəri birinci sinfə daxil olanlardır.
Mişni kənd tam orta məktəbinin direktoru Qurban Həsənov, məktəb kollektivi, eləcədə Mişni kənd ağsaqqalları yeni dərs ilinin ilk günündə vaxt taparaq, onlarla görüşə gəldiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.