Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü Goranboy rayonunda keçirilmişdir
2017-ci il 13 oktyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Goranboy rayonunun ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü - səyyar qəbulu keçirilmişdir.
Goranboy rayonundakı məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun Təzəkənd kənd tam orta məktəbində keçirilmiş görüşdə 65 nəfər rayon sakini iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli görüşdə çıxış edərək, hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında geniş quruculuq və abadlıq işlərinin davam etdirildiyini, qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişafı ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. O, daha sonra xüsusilə vurğulamışdır ki, ölkə başçısı tərəfindən aparılan düşünülmüş sosial-iqtisadi siyasət sayəsində əhalinin rifah halı davamlı olaraq yüksəlmiş, məcburi köçkünlərə göstərilən diqqət və qayğı daha da artırılmışdır. Məcburi köçkünlər üçün yeni salınan qəsəbələr, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə aparılan geniş abadlıq-quruculuq işləri bunun bariz nümunəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin qayıtması bütün məcburi köçkünlərdə yüksək əhval-ruhiyyə yaratdığını və bunun “Böyük Qayıdış”ın təməli olduğunu, növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda həyata keçiriləcəyinə əminliyini bildirmişdir.
Görüş başa çatdıqdan sonra səyyar qəbul keçirilmişdir. Həmin qəbulda 10 nəfərin müraciəti dinlənilmiş və həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Görüşdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.