14 iyul 2012-ci il tarixdə rayonda 2012-ci ilin birinci yarımilində görülmüş işlər geniş müzakirə olunmuşdur
11 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlər və qarşıda duran vəzifələrlə bağlı 14 iyul 2012-ci il tarixdə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə geniş ümumrayon yığıncağını keçirilmişdir. Yığıncaqdan əvvəl rayon ictimaiyyəti nümayəndələri Laçın rayon İcra Hakimiyyəti inzibati binası qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək qarşısına tər güllər düzmüşlər. Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında keçirilən yığıncağı rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Cəbrayılov açaraq iclasın keçirilməsinin əlamətdar bir günə - 14 iyul tarixinə təsadüf etməsini bildirmiş, 43 il öncə məhz 14 iyul 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə ölkəmizin tarixində yeni bir dövrün başlandığını qeyd etmişdir. Yığıncaq iştirakçıları tərəfindən Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilmişdir. Sonra Laçın rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Cəbrayılov yığıncaqda məruzə ilə çıxış edərək iclas iştirakçılarının diqqətini ölkə Prezidenti cənab İlham Əliyevin ilin birinci yarısının yekunları ilə bağlı keçirilən iclasdakı proqram xarakterli nitqində göstərilən ümumi daxili məhsul artımının 1,5 faiz, qeyri-neft sektorunda isə artımın 11,3 faiz olmasına, kənd təsərrüfatında 10,4 faiz, ölkə iqtisadiyyatına qoyulan investisiyanın 30 faiz, əhalinin pul gəlirlərinin 14,2 faiz artmasını, 37 mini daimi olmaqla ölkədə 46 min yeni iş yerlərinin açılmasını, əhalinin yoxsulluq həddinin azalaraq inflyasiyanın cəmi 2,2 faiz təşkil etməsini, ölkəmizin valyuta ehtiyatlarının ilin birinci yarısında 44 milyard təşkil etməsini vurğulayaraq ölkə iqtisadiyyatının ötən altı ay ərzində də sürətli templə inkişaf etdiyini bildirmişdir. Ümumiyyətlə bu göstəricilərin ölkə Prezidentin düşünülmüş iqtisadi konsepsiyasının və çevik idarəçilik qabiliyyətinin əyani təzahürü olduğunu bildirən rayon rəhbəri məruzəsində 2012-ci ilin birinci yarısı ərzində laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxta körpü qəsəbəsində və digər ərazilərdə tikinti-abadlıq işlərinin davam etdirildiyini, ərazidəki su şəbəkələrində yararsız xətlərin 1180 paqometr hissəsinin yenisi ilə əvəz edildiyini, 1800 paqometr hissəsində təmir işləri aparıldığını, Taxta körpü ərazisindəki obalarda elektrik təchizatının yaxşılaşdırıldığını, ərazidəki meliorasiya işlərinin davam etdirildiyini, 26,8 km uzunluqda su ötürücü kanalların lildən təmizləndiyini, sakinlərə göstərilən bütün sosial xidmətlərin yaxşılaşdığını bildirmiş, sakinlərlə yerlərdə çoxsaylı səyyar qəbullar keçirildiyini, qaldırılmış məsələlərin əksəriyyətinin həll olunduğunu qeyd etmişdir. Həmçinin 2012-ci ilin birinci yarısında rayonda əhali və fermer təsərrüfatlarda 31254 baş iribuynuzlu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3075 baş çox, 195962 baş xırda buynuzlu olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 5394 baş çox heyvanlar olduğu bildirilmiş, eləcədə biçin kampaniyası zamanı 5215 ton taxıl məhsulu toplanmış, 9181 ton qaba yem tədarük olunduğunu qeyd etmişdir. Eyni zamanda rayon rəhbəri məruzəsində 01 iyun tarixdən etibarən “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrinin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarından 13 min nəfərə qədər rayon sakininə ödəmələrin “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Laçın rayon filialı vasitəsilə ödəniləcəyi müəyyən edildiyini, artıq bu əmanətçilərdən 1700 nəfərinin sənədlərinin qəbul edildiyini onlardan 1000 nəfərdən çox əmanətçiyə ümumilikdə 350 min manat vəsait ödənildiyini, Fərmanın icrasının sakinlər tərəfindən böyük razılıqla qarşılandığını bildirmişdir. Yığıncaqda rayon Maliyyə şöbəsinin müdiri Ramiz İsayev, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlqar İlyasov, rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov çıxış edərək, rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər barədə məlumat vermişlər.