Laçınlı məzunlar ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.
Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov bildirib ki, bu il rayonun ümumtəhsil məktəblərini bitirən 773 məzundan 579-u ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 357-si (2016-cı ildə 325) tələbə adını qazanıb. Tələbə adını qazanan gənclərdən 62-si 500-dən, 18-i isə 600-dən yuxarı bal toplayıb. Bu göstərici Laçın rayonu üzrə son 25 il ərzində ən yüksək göstəricidir. Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni Quşçu kənd, 7 nömrəli, 46 nömrəli və Çıraqlı kənd tam orta məktəblərinin məzunları göstərib. Quşçu kənd tam orta məktəbindən 17 nəfər, 46 nömrəli tam orta məktəbdən 16 nəfər, Çıraqlı kənd tam orta məktəbindən 15 nəfər, 7 nömrəli tam orta məktəbdən isə 13 nəfər ali məktəblərə qəbul olub. Alıqulu kənd tam orta məktəbin məzunu Səadət Quluzadə və 3 nömrəli tam orta məktəbin məzunu Fərid Bəbirov imtahanlarda 691 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər.