Laçınlı məcburi köçkünlərin içməli su təchizatı daha da yaxşılaşdırılır.
Ölkəmizdə əhalinin ekoloji cəhətdən təmiz suya olan tələbatının ödənilməsi dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Hazırda respublikamızın əksər bölgələrində bu məqsədlə xeyli işlər görülməklə bir sıra yaşayış məntəqələrində müasir tələblərə cavab verən modul tipli sutəmizləyici qurğular quraşdırılır. Bu baxımdan ötən bir neçə il ərzində əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2007, 2008, 2009, 2011 və 2015-ci illərdə imzaladığı müvafiq Sərəncamlarına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2007-ci ildən 2016-cı ilədək olan müddət ərzində ölkəmizin 24 rayonunun 384 yaşayış məntəqəsində 376 ədəd modul tipli sutəmizləyici qurğu quraşdırılmış, 6143 ədəd su paylayıcı məntəqə, yəni bulaq tikilərək əhalinin istifadəsinə verilmişdir. İstifadəyə verilmiş 376 ədəd modul tipli su təmizləyici qurğu vasitəsilə hazırda 622 min 966 nəfərdən çox əhali Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşdur.
Daim dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunan laçınlı məcburi köçkünlərdə belə layihələrdən mütəmadi olaraq bəhrələnirlər. Bunun bariz nümunəsidir ki, laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında son dövrlər bir ədəd subartezian quyusu qazılmış, ərazidəki Mişni, Alxaslı, Qarıqışlaq və Qarakeçdi obalarında müasir modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Bu qayğının davamı olaraq Ekologiya və Təbii sərvətlər Nazirliyinin xətti ilə hazırda ərazidəki Fingə obasında modul tipli sutəmizləyici qurğunun quraşdırılmasına başlanılmışdır. Belə nəcib və vacib bir layihənin həyata keçirilməsi isə məcburi köçkünlərin hədsiz sevincinə səbəb olmuşdur.
Qeyd olunmalıdır ki, sutkada 32 tondan çox suyu təmizləmək gücünə malik olan bu qurğu ərazidə müvəqqəti məskunlaşmış 434 nəfər olmaqla 110 ailəni əhatə edəcəkdir. Əhalinin müvəqqəti məskunlaşdığı yaşayış məntəqəsindən 5 km məsafədə axan Kür çayından çəkilmiş su borusu sutəmizləyici qurğudan keçməklə Fingə obası ərazisində on yerdə quraşdırılmış bulaq şəbəkəsi vasitəsi ilə sakinlərin istifadəsinə veriləcəkdir.