Daşkəsən rayonu ərazisində yaylaqlarda olan laçınlı köçkünlərə səyyar həkim briqadası tərəfindən tibbi xidmət göstərilmişdir.
21 iyul 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin tapşırığına uyğun olaraq Laçın Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət səyyar həkim briqadası laçınlı məcburi köçkünlərin şəxsi təsərrüfatlarını saxlamaq üçün müvəqqəti köçdükləri Daşkəsən rayonu ərazisində olmuşlar. Səyyar həkim briqadası təcili tibbi yardım maşını, zəruri dərman və sarğı materialları ilə təchiz edilmişdir.
Daşkəsən rayonu ərazisindəki yaylaqlarda təşkil olunmuş səyyar tibbi müayinələr zamanı əhaliyə ambulator tibbi xidmət göstərilmiş, onlara müvafiq müalicə təyin edilərək, digərlərinə sağlamlıqlarında yaranmış müxtəlif problemlərlə əlaqədar aidiyyəti səhiyyə müəssisələrinə müraciət etmələri üçün tövsiyyələr verilmişdir. Həkimlər tərəfindən qocaların və ev şəraitində xəstə vəziyyətdə olan insanların tibbi müayinəsinə xüsusi diqqət yetirmişdir.
Səyyar həkim briqadası tərəfindən göstərilən tibbi xidmətlər rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanmaqla bu qayğıya görə onlar rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Həkim briqadası tərəfindən belə tədbirlərin vaxtaşırı davam etdirilməsi nəzərdə tutulmuşdur.