Laçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı Taxta-körpü ərazisində taxıl biçini başa çatmışdır
Xalqımızın Ulu öndəri Heydər Əliyevin dahi uzaqgörənliklə həyata keçirtdiyi torpaq islahatı, torpağın əsil sahibinə - kəndliyə verilməsi nəticəsində ölkəmizin bütün regionları ilə yanaşı laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi rayonun Taxta-körpü ərazisində də əkinçiliyin inkişafına çox müsbət irəliləyişə nail olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, hələ 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin laçınlılara olan atalıq qayğısı sayəsində rayonumuzun əkinçilərinə verilmiş 800 ton yüksək məhsuldarlıqlı toxumluq buğda Taxta körpü ərazisində əkinçiliyi daha da sürətləndirmiş, bol məhsul istehsalına stimul yaratmışdır. 2003-cü ildən isə bu tendensiyanın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi, respublika əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün qəbul edilmiş müvafiq Dövlət Proqramında 2015-ci ilə qədər ölkə üzrə dənli bitkilər üçün əkin sahələrinin 900 min hektara, hər hektardan orta məhsuldarlığın isə 32 sentnerə, respublika üzrə ümumi istehsalın 2.8 milyon tona çatdırılmasının hədəf olaraq müəyyən edilməsi bu sahənin inkişafına xüsusi önəm vermişdir.
Cari ilin məhsulu üçün Taxta-körpü ərazisindəki obalarda məskunlaşmış laçınlı kənd təsərrüfatı istehsalçılarına məxsus 1643.75 hektar taxıl sahəsi becərilmişdir ki, bunun da 1329. 55 hektarını arpa, 314.2 hektarını isə buğda sahələri təşkil etmişdir. Göstərilən əkin sahələrinin biçilməsi üçün rayonda vaxtında əməli tədbirlər görülmüş, nəticədə isə 5215 ton məhsul toplanmışdır ki, bu da ötən ilə nisbətən 2279 ton çoxdur. Biçilmiş məhsulun 4250 tonu arpa, 965 tonu isə buğda olmuşdur. Hər hektardan məhsuldarlıq isə 31.7 sentner təşkil etmişdir ki, buda 2011-ci ilə nisbətən 1.7 sentner çoxdur. Bununla yanaşı ərazidəki kənd sakinləri və fermer təsərrüfatları tərəfindən 9181 ton qaba yem toplanmış, bu sahədə işlər hələ də davam etməkdədir.
Həmçinin ölkəmiz üçün strateji sahələrdən biri olan taxılçılığın inkişafına göstərilən diqqət və qayğı sayəsində buğda istehsalçılarının istifadə etdikləri yanacaq və motor yağlarına görə vətəndaşlara kompensasiya ödənişi plastik kartlar vasitəsi ilə vaxtında öz sahiblərinə çatdırılmış, hazırda isə digər ödənişlər üçün sənədlər hazırlanaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmuşdur.