Daşkəsən rayonu ərazisində - yaylaqlarda Laçın rayon Baytarlıq idarəsinin həkimləri tərəfindən rayon sakinlərinin şəxsi təsərrüfatında olan iri və xırdabuynuzlu heyvanlara zoobaytar xidmət göstərilmişdir.
21 iyul 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin tapşırığına uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşları və rayon Baytarlıq İdarəsinin ixtisaslı baytar həkimlərindən ibarət səyyar həkim briqadası Daşkəsən rayonu ərazisində olmuşlar. Səyyar baytar həkim briqadası tərəfindən mövsümlə əlaqədar olaraq 120 ailənin şəxsi təsərrüfatlarını saxlamaq üçün köçdükləri Daşkəsən rayonunun ərazisində, yaylaqlarda müvəqqəti məskunlaşmış rayon sakinləri ilə görüş keçirmiş onların mal-qara və davarlarına zoobaytar xidmət göstərilmişdir.
Yay mövsümü ilə əlaqədar məskunlaşdıqları ərazidə onlarla görüşlərin keçirilməsi və səyyar baytar həkim briqadası tərəfindən təsərrüfatlarında olan mal-qaraya göstərilən zoobaytar xidmətlər rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır. Sakinlər onlara göstərilən bu diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Həkim briqadası tərəfindən belə tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.