Şriftin ölçüsü :

Saytın rəngi :

2017- ci ilin birinci yarısında Laçın rayonu üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.

20 iyul 2017 | 16:00

20 iyul 2017-ci il tarixdə laçınlı köçkünlərin  məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında  rayon üzrə 2017- ci ilin birinci yarısında görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura yığıncağı keçirilmişdir.
  Yığıncaq iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, büstün önünə tər güllər düzərək  hörmət və ehtiramlarını bildirmişlər.
Yığıncaqda ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə dinlənilmişdir. Məruzədə əvvəlki illərdə olduğu kimi  2017-ci ilin birinci yarısında da  laçınlı  köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda rayon sakinlərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və sosial-rifah halının yüksəldilməsi istiqamətində  görülmüş işlər habelə rayonun sosial-iqtisadi inkişafı öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, hesabat dövrü ərzində Taxtakörpü ərazisində  məskunlaşmış  köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün  0.4 və 10 kV-luq hava xətlərində cari təmir işləri görülmüş, 5000 metr naqil yenisi ilə əvəz olunmuş, Qarıqışlaq obasında 1 ədəd 250 kva, Vağazin obasında 2 ədəd, Mirik obasında 1 ədəd, Fingə obasında 1 ədəd, Vağazin obasında 1 ədəd olmaqla cəmi 5 ədəd 100 kva, Qarakeçdi obasında 1 ədəd, 63 kva yeni transmormator quraşdırılmış, 40 ədəd müxtəlif gücə malik transformatorlar cari təmir olunmuşdur. Qarakeçdi və Mişni obalarında 0.4 kvt-lıq elektrik verilişi xətləri əsaslı təmir edilmiş, uzun illər həllini tapmayan 21 və 37 ailəlik, eyni zamanda Qayğı qəsəbələrinə çəkilmiş 10 kvt-lıq elektrik verilişi xətləri 35/10 kva-lıq yarımstansiyadan ayrılaraq 110/10 kvt-lıq yarımstansiyaya birləşdirilmişdir.                           
  Həmçinin əhalinin su təminatını yaxşılaşdırmaq üçün ərazidə iki ədəd subartezian quyusunun qazılmasına, Mişni obası və 21 ailəlik qəsəbədə su nasoslarının təmir olunmasına, Qarıqışlaq, Qılışlı, Mayis və Mişni obalarına çəkilmiş  20-50 mm-lik plastik içməli su borusunun  yararsız vəziyyətə düşmüş 395 m hissəsinin  yenisi ilə əvəz edilməsinə nail olunmuşdur.
Bununla yanaşı ərazidə kənd təsərrüfatının inkişafı ilə bağlı  Malıbəy və Alxaslı obalarında 101 ha sahədə pambıq əkilərək müvafiq aqro-texniki qulluq göstərilmiş, 35757 baş iri buynuzlu, 195455 baş xırda buynuzlu mal-qaranın saxlandığı kəndli təsərrüfatlarında 1172.5 ton ət, 10318.5 ton süd və 351.5 ton yun istehsal olunmuşdur. Həmçinin ərazidə  1118 ha sahədə becərilmiş taxıl sahələrində isə biçin işləri aparılaraq 2257 ton arpa və buğda məhsulu istehsal olunmuşdur.  Eyni zamanda bildirilmişdir ki, cari ilin ötən dövründə Taxtakörpü və Qayğı qəsəbələrində geniş abadlıq işləri aparılmış, park və idarə müəssisələrin ətrafında mövsümü çiçəklər əkilmiş, Ulu öndər Heydər Əliyevin 94 illik yubileyi münasibəti ilə ümummilli liderin adını daşıyan parkda 140 ədəd şam ağacı əkilərək onlara vaxtaşırı lazımi qulluq göstərilmişdir.

Məruzədə xüsusilə o da vurğulanmışdır  ki, hesabat dövrü ərzində rayon rəhbərliyi tərəfindən köçkünlərin məskunlaşdıqları müxtəlif yaşayış məntəqələrində 22 səyyar qəbul keçirilmiş, 1902 nəfər rayon sakininin  iştirak etdiyi bu görüşlərdə 176 nəfərin müraciəti dinlənilməklə,  habelə Rayon İcra Hakimiyyəti başçısı aparatında  1626 nəfər rayon sakini qəbul olunmuş, onların müraciətləri ilə əlaqədar köməklik olunması üçün  aidiyyəti  rayon təşkilatlarına konkret tapşırıqlar  verilərək icrasına nəzarət olunmuşdur.
Şura iclasında məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı mövcud problem və çatışmazlıqlar da qeyd olunaraq, qarşıda duran vəzifələrdən danışılaraq, 2017- ci ilin birinci yarısında müxtəlif sahələrdə xeyli işlər görülməsinə baxmayaraq il ərzində də Taxtakörpü ərazisindəki obalarda  Dövlət Proqramı ilə nəzərdə tutulmuş qəsəbələrin tikintisi ilə bağlı görüləcək işlərin mərhələli həlli, 552 ailəlik qəsəbədə həyətyanı sahələrə təsərrüfat suyunun çəkilməsi, obalarda daxili avtomobil yollarının, içməli su xətlərinin tikintisi və bərpası üçün təsdiq olunmuş layihələrin icrası qarşıda duran vəzifələrdən hesab edilmişdir.

Keçidlər