Ulu öndər Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü qeyd edildi.
14 iyul 2017-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin 48-ci ildönümü münasibətilə Laçın Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirildi. Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının mənzil qərargahında keçirilən tədbirin iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış Ümummilli lider Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzmüş, Ulu öndərə hörmət və ehtiramlarını bildirmişlər.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov bildirmişdir ki, Ulu öndərin 1969-cu il 14 iyul tarixdə Azərbaycanda rəhbərliyə gəlməsi ölkəmizin ən yeni tarixinin dönüş mərhələsinin başlanğıcı idi. O, həmçinin bildirdi ki, 1969-cu ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dövlətimiz qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil olaraq, gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji bazasını yaratmış oldu.
Tədbirdə “14 iyul – Milli tariximizin unudulmaz günü” mövzusunda məruzə dinlənilmiş və məruzə ətrafında çıxışlar olmuşdur.
Çıxış edən rayonun yaşlı və gənc nəslinin nümayəndələri qəti əminliklə bildirmişlər ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı məhz 1969-cu ildən - Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən hesablanır. Xüsusilə o da vurğulanmışdır ki, Ümummilli lider Heydər Əliyevin respublikamızda təməlini qoyduğu inkişaf strategiyası bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilir. Artıq Azərbaycan nəinki regionun, eləcə də dünyanın ən sabit və inkişaf edən ölkələr sırasında ön cərgələrdə dayanır.