21 iyun 2017- ci il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının Şəmkir rayonu ərazisində görüş-səyyar qəbulu keçirildi
Erməni işğalı nəticəsində ata-baba yurdlarından didərgin salınmış laçınlı köçkünlər 25 ildir ki, respublikanın 58 rayon və şəhərində müxtəlif yaşayış məntəqələrində məskunlaşıblar. Hazırda 52 ailə olmaqla 220 nəfər laçınlı köçkün isə 9 yaşayış məntəqəsini əhatə etməklə Şəmkir rayonu ərazisində məskunlaşıbdır.
Laçın Rayon İcra Hakimiyyəti və rayonun idarə, müəssisə və təşkilatları Ağcabədi rayonu Taxta körpü ərazisində müvəqqəti fəaliyyət göstərsədə rayon sakinlərinin məskunlaşdıqları ərazilərlə mütəmadi əlaqə saxlanılır, köçkünləri narahat edən müxtəlif məsələlərin həllində onlara köməklik olunur. Bununla yanaşı Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli tərəfindən köçkünlərlə yerlərdə görüş-səyyar qəbulların keçirilməsi qrafikinə ciddi əməl olunmaqla əhalinin məskunlaşdığı yaşayış məntəqələrində vaxtaşırı görüşlər təşkil olunur. Rayon rəhbərinin belə görüş-səyyar qəbullardan biridə 21 iyun 2017-ci il tarixində Şəmkir rayonu Nərimanlı kənd ümum orta məktəbinin binasında keçirildi.
Görüşdə çıxış edən rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan geniş quruculuq, abadlıq işləri ilə yanaşı qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin, onların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri köçkünlərin diqqətinə çatdıraraq, köçkünlərə göstərilən hərtərəfli qayğıya görə onların adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Eyni zamanda Rayon İcra Hakimiyyəti başçısı çıxışında, xüusilə qeyd etdi ki, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən işğaldan azad edilmiş min hektarlarla torpaq sahəsi ilə yanaşı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı 24 yanvar 2017 ci il tarixli Sərəncamına əsasən həmin ərazidə qıssa müddətdə inşa edilən yeni qəsəbəsinin 14 iyun 2017-ci il tarixdə yüksək səviyyədə açılışı Böyük Qayıdışın təməli kimi hər birimiz tərəfindən sevinc və fərəh hissi ilə qarşlılandı.
Bildirildi ki, Cocuq Mərcanlıda quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə ölkə Prezidentimizin 15 iyun 2017-ci ildə imzaladığı növbəti Sərəncam isə işğaldan azad ediləcək ərazilərimizin tam bərpa edilməklə doğma yurdlarından didərgin düşən soydaşlarımızın ata-baba məskənlərinə qayıdışı üçün ən yüksək qayğıdır.
Xüsusilə vurğulandı ki, bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Cocuq Mərcanlının yüksək səviyyədə bərpası hər birimizi qəti əmin edir ki, işğal atında olan digər ərazilərimizdə tezliklə azad edilərək bərpasına başlanılacaqdır.
Görüşdə iştirak edən 54 nəfər rayon sakinindən 8 nəfəri çıxış edərək istifadələrində olan xeyir-şər evinin təmir edilməsinə, həmçinin su və elektrik enerjisi ilə bağlı bir sıra sosial məsələlərin həllinə, habelə bir ailənin ünvanlı sosial yardımla bağlı təminatına, həmçinin əkin sahələrinə görə onlara müvafiq subsidiyaların verilməsinə köməklik olunmasını qeyd edərək, onların müraciətlərinə diqqətlə yanaşıldığına görə rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Qəbulda qaldırılan məsələlər Rayon İcra Hakimiyyətinin başısı tərəfindən ayrı-ayrılıqda dinlənilərək həllinə köməklik olunması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilmiş icrası nəzarətə götürülmüşdür.
Görüş-səyyar qəbulda rayonun inzibati orqanlarının rəhbərləri və aparatın məsul əməkdaşları iştirak etdilər.