Şriftin ölçüsü :

Saytın rəngi :

C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 130-cu mövsümündə laçınlıların qonağı olmuşdur

06 iyul 2012 | 15:00

5 iyul 2012-ci il tarixdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxta-körpü qəsəbəsində olmuşlar.
Mütəmadi olaraq laçınlılarla əlaqə saxlayan teatr kollektivi növbəti mövsümdə ssenarist Hidayətin “Vətəndən ağırdı vətənin yükü...” tamaşası ilə köçkünlər qarşısında çıxış etmişlər.Respublikanın əməkdar incəsənət xadimi Oruc Qurbanovun (İzzətoğlu) qurluşçu rejisoru olduğu tamaşa, 20-ci yüzilliyin sonunda soydaşlarımızın Qərbi Azərbaycandan, indiki Ermənistan Respublikasından məcburən deportasiya edilməsinə həsr edilmişdir.
Xalq artisti Tamilla Abdullayevanın, əməkdar artist Vaqif Kərimovun və digər gənc aktyorların iştirakı ilə səhnələşdirilmiş tamaşada, zaman–zaman tarixi torpaqlarımızda məskunlaşan ermənilərin xalqımızın başına gətirdikləri ağlasığmaz müsibətlər öz əksini tapmışdır. Eyni zamanda öz havadarlarına arxalanan erməni hakim dairələrinin neçə-neçə hiylə və iyrənc yollara əl ataraq soydaşlarımızı növbəti dəfə deportasiyaya məruz qoymaları teatrın istedadlı yaradıcı heyəti tərəfindən böyük məharətlə ifşa edilərək əyani şəkildə nümayiş etdirilmişdir. Tamaşa çox da uzaq olmayan tarixi keçmişimizi xatırlatmaqla, rayon sakinlərində erməni faşizminə qarşı olan nifrət hissini daha da gücləndirmiş, hər an ata-baba yurdumuzu istənilən yolla azad etməyə hazır olmağa səsləmişdir.
Tamaşadan böyük təəssüratla ayrılan qəsəbə sakinləri teatrın rəhbərliyinə və yaradıcı heyətinə təşəkkürlərini bildirməklə, onların aktyorluq qabiliyyətlərini yüksək qiymətləndirmişlər.
 

Keçidlər