Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərlə rayon rəhbərliyinin davamlı görüşləri sakinlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.

16 iyun 2017 | 16:00

16 iyun 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Abşeron rayonunun Masazır qəsəbəsindəki Laçın rayonunun Çıraqlı kənd tam orta məktəbinin binasında həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə görüşü -səyyar qəbulu keçirilmişdir. Laçın Rayon İcra Hakimiyyətinin başçısı  Aqil Nəzərli görüşdə çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə geniş quruculuq və abadlıq işlərinin davam etdirilməsindən, qeyri-neft sektorunun inkişafı ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçirilməsindən söz açmışdır.  Rayon rəhbəri çıxışında  xüsusilə vurğulamışdır ki, ölkə başçısı tərəfindən aparılan düşünülmüş sosial-iqtisadi siyasət sayəsində  əhalinin rifah halı davamlı olaraq yüksəlmiş, məcburi köçkünlərə göstərilən davamlı diqqət və qayğı daha da artırılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü  ilə  Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında inşa ediləcək 1026 ailəlik yeni qəsəbənin təməlqoyma mərasiminin keçirilməsi, ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə düşmən tapdağından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Məcanlı kəndində yeni inşa edilmiş 50 yaşayış evinin istifadəyə verilməsi, 9 km uzunluğunda avtomobil yolunun çəkilməsi, həmin kənddə əlavə 100 evin və digər sosial obyektlərin tikilməsi, eləcə də Cəbrayıl rayonunun ərazisindəki qəsəbələr arası avtomobil yollarının əsaslı təmiri üçün vəsaitin ayrılması bunun bariz nümunəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi  altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasının cəbrayıllılar kimi bütün məcburi köçkünlərdə də yüksək əhval-ruhiyyə yaratdığını, bunun  ata-baba yurdlarımıza “Böyük Qayıdış”ın təməli olacağına və növbəti bərpa işlərinin  Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda  həyata keçiriləcəyinə əminliyini bildirmişdir.
80 nəfər iştirakı ilə keçirilən səyyar qəbulda 10 nəfər çıxış edərək ərazidə mərasim evinin tikilməsinə, gənclərin işlə təmin olunmasına, ayrı təsərrüfat kimi qeydə alınan ailələr üçün məhəllə daxilində yeni evlərin tikilməsi üçün icazə verilməsinə köməkliklər olunmasını xahiş etdilər. Səyyar qəbul - görüşdə qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlər görülməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilərək həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür .
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Abşeron rayonunun Masazır qəsəbəsindəki Laçın rayonunun Çıraqlı kənd tam orta məktəbinin binasının genişləndirilməsi ilə bağlı aparılan əlavə tikinti işləri ilə tanış olmuş, bununla bağlı öz tapşırıq və tövsiyələrini vermişdir.
Görüş-səyyar qəbulda Laçın  Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayon prokuroru, rayonunun idarə, müəssisə, təşkilatların məsul işçiləri, müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndələr  iştirak etmişlər.

Keçidlər