Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun - Milli Qurtuluş Günü laçınlı köçkünlər tərəfindən təntənəli bayram tədbiri ilə qeyd olunub

15 iyun 2017 | 16:00

14 iyun 2017-ci il tarixdə laçınlı köçkünlərin məskunlaşdıqları  Ağcabədi rayonu Taxta körpü qəsəbəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə geniş bayram tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar və gənclər müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, Ümummilli lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış büstünü  ziyarət etmiş, Ulu Öndərə  hörmət və ehtiramlarını, ümümxalq məhəbbətini nümayiş etdirərək büstün önünə tər güllər düzmüşlər.
Tarixi bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən Laçın  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 15 iyun tarixinin xalqımızın və dövlətimizin həyatındakı əhəmiyyətindən bəhs edərək Milli Qurtuluşun Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası olduğunu, müasir tariximizin Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlandığını bildirmişdir. Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdiyini bildirən rayon rəhbəri, Azərbaycanın sürətli və dinamik inkişafının məhz Qurtuluş günü ilə başlamasını bir daha vurğulayaraq Heydər Əliyev siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı  çıxışınnda xüsusilə 2016-cı ilin aprel döyüşləri zamanı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında  ordumuzun düşmənə ciddi zərbə endirməklə  min hektarlarla əzəli torpaqlarımızı işğaldan azad etməsini fəxarətlə qeyd edərək bu qələbənin bütün xlalqımızda yüksək əhval-ruhiyyə yaratdığını bildirdi.
        Həmçinin qeyd olundu ki,  bu döyüşlər zamanı düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası üçün  ölkə Prezidenti cənab İlham Əliyevin  2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə  maliyyə vəsaiti ayrılması ilə “Böyük Qayıdış”ın  təməli qoyuldu. Qıssa müddətdə həmin ərazidə ilkin olaraq 50 evdən ibarət müasir tipli qəsəbənin  tikintisi, Şuşa məscidinə bənzər yeni məscidin inşa olunması, əraziyə asfalt örtüklü avtomobil yolunun çəkilişi,  bu gün isə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə  həmin qəsəbənin  Cocuq Mərcanlıların istifadəsinə verilməsi hər birimizdə ikiqat bayram əhval ruhiyəsi yaradır. Qeyd olundu ki, bütün bunlar bir daha  hər birimizi qəti əmin edir ki,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə tarixi və müqəddəs torpaqlarımıza  Laçına, Şuşaya, Kəlbəcərə və digər işğaldan azad olunacaq ərazilərimizə qayıdışın iştirakçısı olacaq, növbəti Qurtuluş bayramını ata-baba yurdlarımızda qeyd edəcəyik. 
          Bayram  tədbirində iştirak edən laçınlı Milli Məclisin üzvü Mahir Abbaszadə  bu bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək  15 iyun tarixinin xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunduğunu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunduğunu nəzərə çatdırıb. Mahir Abbaszadə, qısa bir zamanda iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyevin respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdiyini və ulu öndərin müəyyənləşdirdiyi milli inkişaf kursunun cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə böyük inamla, əzmkarlıqla davam etdirildiyini, Azərbaycanın bu gün dünya birliyində özünə layiqli yer tutduğunu və iqtisadiyyatın artım tempinə görə dünyada lider mövqedə dayandığını vurğulayıb. Millət vəkili çıxışında   Azərbaycan xalqının öz xilaskarının xidmətlərini unutmadığını və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini söyləyib.
         Rəsmi hissədən sonra bayram konserti ilə davam edən tədbirdə tanınmış incəsənət ustalarının ifasında səsləndirilmiş Ulu öndər Heydər Əliyevə, onun şah əsəri olan müasir, müstəqil Azərbaycana həsr olunmuş mahnılar tamaşaçıların arası kəsilməyən alqışlarına səbəb olmuşdur. Tədbir böyük atəşfəşanlıqla yekunlaşmışdır.

Keçidlər