Rayonun ümumtəhsil məktəblərində "Son zəng" tədbiri keçirilmişdir.
14 iyun 2017-ci il tarixdə respublikanın ümumtəhsil məktəblərində olduğu kimi Laçın rayonunun ümumtəhsil məktəblərində də XI sinif şagirdlərinin “Son zəng” tədbiri keçirilmişdir. “Son zəng” tədbirlərinin Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarovun yalnız məktəb binalarında keçirilməsi ilə bağlı müvafiq göstərişi təmin olunmuş, tədbirlərin icrası uğurla başa çatdırılmışdır.
“Son zəng” tədbiri ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev rayonun Taxtakörpü qəsəbə və 37 nömrəli tam orta məktəblərində olmuş, pedaqoji kollektivlə görüşmüşdür. Rayonun Taxtakörpü qəsəbə tam orta məktəbində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev “Son zəng”-lə bağlı pedaqoji kollektivi, 11-ci sinif şagirdlərini və valideynləri təbrik etmiş, məktəbi bitirən şagirdlərə arzu və istəklərini bildirmiş, tövsiyələrini vermişdir. O da xüsusilə qeyd olunmuşdur ki, Ulu öndər Heydər Əliyev strategiyasının ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində son illər ölkəmizin bütün sahələri ilə yanaşı təhsil sahəsində də yüksək inkişafa və irəliləyişlərə nail olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin bütün məcburi köçkünlərlə yanaşı laçınlı məcburi köçkünlərə olan davamlı diqqət və qayğısından danışaraq, minnətdarlıqla vurğulamışdır ki, 24 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, xanımı Mehriban Əliyeva ilə birlikdə şərəfli ömür yolunun 50 ilinin tamam olduğu bir vaxtda, laçınlı məcburi köçkünləri öz ailə üzvləri kimi dəyərləndirərək, məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsinə tarixi səfəri, həmçinin şagirdlərin təhsil aldığı bu məktəbin açılışında iştirak etməsi rayonun tarixinə qızıl hərflərlə yazılmış və hər bir laçınlının qəlbində əbədi olaraq qürur və iftixar hissi yaratmışdır.
2016-2017-ci tədris ilində Laçın rayonu üzrə 111 ümumtəhsil məktəbi üzrə 11458 nəfər şagird təhsilə cəlb olunmuşdur. Bu il rayonun 82 tam orta məktəbini 763 nəfər məzun bitirmişdir.