2 iyul Azərbaycan polisi günüdür
2 iyul Azərbaycan polisi günü münasibətilə Laçın rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
Laçın rayon ictimaiyyəti nümayəndələri və polis əməkdaşları əvvəlcə rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü və qəsəbədə rayon şəhidlərinin əziz xatirəsinə ucaldılmış Xatirə Kompleksini ziyarət edərək, hər iki abidə önünə tər güllər düzmüşlər. Sonra tədbir rayon İcra Hakimiyyəti inzibati binasının iclas zalında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov açdıqdan sonra Qarabağ müharibəsi zamanı həlak olmuş polis əməkdaşları və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra rayon rəhbəri çıxış edərək rayonun bütün polis əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmiş onlara çətin və şərəfli işlərində uğurlar arzulamışdır. Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salan rayon İcra Hakimiyyəti başçısı R.Cəbrayılov Ulu Öndər Heydər Əliyevin 24 may 1998-ci il tarixli Fərmanı ilə hər ilin 2 iyulu Azərbaycan Polisi günü elan olunduğunu qeyd etmişdir. Azərbaycan polisinin bütün dövrlərdə dövlət müstəqilliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin təmin olunmasında önəmli rol oynadığını bildirmişdir.O, həmçinin qeyd etmişdir ki, ən çətin anda , ən dar məqamda polis həmişə xalqımızın köməyinə çatmış, suverenliyimizin qorunmasında xalqımıza ləyaqətlə xidmət etmişdir. Bu gün Azərbaycan ən stabil, ən sabit bir məmləkətdir deyən Ramiz Cəbrayılov xalqımızın ulu öndəri Heydər Əliyevin , 2003-cü ildən isə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan polisinin öz xidməti vəzifəsini ləyaqətlə yerinə yetirdiyini, ölkəmizdə davamlı sabitliyin qorunmasını daim nəzarətdə saxladığını xüsusilə qeyd etmişdir.
Sonra tədbirdə rayon Polis şöbəsinin rəisi Məhəmməd Kərimov çıxış edərək rayon polisinin ötən illərdə gördüyü işlərdən bu gündə qarşıda duran vəzifələrdən danışmış, Polisə dövlət səviyyəsində göstərilən hərtərəfli diqqət və qayğıya görə Ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə rayon polis əməkdaşları adından minnətdarlığını bildirmiş bundan sonrada dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəklərini qeyd etmişdir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Laçın rayon Polis şöbəsinin əməkdaşlarından 44 nəfərinin şəhid olduğunu¸3 nəfərin isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirən M.Kərimov hələ yağı düşmənə qarşı müharibədə son sözlərini demədiklərini, Ali Baş Komandan cənab İlham Əliyevin cağırışına hər an hazır olduqlarını qeyd etmişdir.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri də polis işçilərini peşə bayramı günü münasibəti ilə təbrik etmiş, ölkəmizdə əmin-amanlığın qorunmasında polis orqanlarının əvəzolunmaz xidmətlərini yüksək qiymətləndirmiş, onlara gələcək işlərində uğurlar arzulamışlar.
Tədbirin sonunda nümunəvi xidmətlərinə görə rayon polis əməkdaşlarından bir qrupu rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələrlə ilə mükafatlandırılmışdır.