Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür

27 iyun 2012 | 15:00

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibəti ilə Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilmişdir.
Belə ki, 26 iyun 2012-ci il tarixdə rayon ictimaiyyəti nümayəndələri, müharibə veteranları və şəhid ailələri rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstünü və qəsəbədəki Şəhidlərin Xatirə Kompleksini ziyarət etmiş, hər iki abidə önünə tər güllər düzmüşlər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Cəbrayılov rayon sakinlərini Azərbaycanda Milli Ordunun yaranmasının 94-cü ildönümü münasibəti ilə təbrik etmiş, ölkəmizdə müasir ordu quruculuğunun Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmiş, bu prosesin hələ ötən əsrin 70-ci illərində, respublikamızda bir neçə hərbi məktəbin açılması ilə başlanıldığını bildirmişdir. Rayon rəhbəri eyni zamanda vurğulamışdır ki, xalqımızın ulu öndəri Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı zamanı böyük uzaqgörənliklə respublikada ayrı-ayrı şəxslərin nəzarətində olan hərbi hissələr vahid rəhbərlik altında birləşdirməklə ümumxalq mənafeyinə xidmət etməyə yönəldilmişdir. Ramiz Cəbrayılov çıxışında, bu gün də ordu quruculuğunun Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı sayəsində inkişaf etdirildiyini, ölkəmizdə müasir müdafiə sənayesi kompleksinin formalaşdırıldığını, orduya ayrılan büdcə vəsaitinin ilbəil artırıldığını qeyd etmişdir.
Eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı, hələ 1918-ci ildə Milli Ordu yaradılarkən ilk hərbi nazirin laçınlı Xosrov bəy Sultanov təyin edilməsini, hər zaman laçınlıların dövlətə, dövlətçiliyə sadiqliyinin, vətənpərvərliyinin , ordu quruculuğuna yüksək marağının bariz nümunəsi olduğunu bildirmiş, bu gün də yüzlərlə vətənpərvər laçınlı gəncin Milli ordumuzun sıralarında doğma Azərbaycanımıza ləyaqətlə xidmət göstərdiyini bildirmişdir.
Bununla yanaşı 26 iyun tarixində rayon İcra Hakimiyyəti və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə rayon ictimaiyyəti nümayəndələri bayram sovqatı aparmaqla, Ağcabədi rayonu ərazisində cəbhə bölgəsində, “N” saylı hərbi hissədə olmuş, əsgər və zabitlərlə görüşərək onları Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik etmiş, həmçinin rayon Mədəniyyət evinin bədii özfəaliyyət kollektivləri Biləcəri qəsəbəsində “N” saylı hərbi hissədə hərbi heyət qarşısında geniş konsert proqramı ilə çıxış etmişlər.
Əsgər və zabitlərlə keçirilən görüşlər zamanı laçınlılar, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, Milli ordumuzun gücü və qüdrəti sayəsində, tezliklə tarixi torpaqlarımızın yağı düşməndən azad ediləcəyinə qəti əminliklərini bildirmişlər.

Keçidlər