Laçın rayonu üzrə 2017- ci ilin birinci rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.
18 aprel 2017-ci il tarixdə geniş rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə cari ilin birinci rübündə Laçın rayonu üzrə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. İclasdan əvvəl yığıncaq iştirakçıları Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, büstün önünə tər güllər düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 10 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası barədə məlumat verərək, cari ilin birinci rübü ərzində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini diqqətə çatdıraraq qeyri-neft sektorunda 2.4 faiz, qeyri-neft sənayesinin 2 faiz, kənd təsərrüfatının 3.5 faiz artmaqla valyuta ehtiyatlarımızın bir milyad dollar yüksələrək 38.5 milyard dollara çatdırılmasını ölkə Prezidentinin uğurlu iqtisadi konsepsiyasının təntənəsi olduğunu bildirdi.
Sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev 2017-ci ilin birinci rübündə rayonda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş məruzə ilə çıxış etdi. Məruzədə, laçınlıların daha sıx məskunlaşdıqları ərazilərdən biri kimi Taxtakörpü qəsəbəsində abadlıq işləri və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlərin davam etdirildiyini bildirməklə, respublikanın aidiyyəti yuxarı təşkilatları ilə aparılmış səmərəli müzakirələr nəticəsində Taxta körpü ərazisində 1975-ci ildə çəkilmiş elektrik hava xətlərinin müasir standartlara cavab verən SİB kabellə əvəz edilməsinə başlanıldığını, ərazidəki 21, 37 ailəlik və Qayğı qəsəbələrinə elektrik verlişi xətlərinin 110/10 kvt-lıq yarımstansiyasına birləşdirildiyini, Laçın Rayon Yol İstismar Sahəsinin bərpa edildiyini, Taxtakörpü-Məmmədli, Taxtakörpü-Qarıqışlaq, Taxtakörpü-Mişni, Mayıs-Hacılar və Qarakeçdi-Mirik-Sadınlar çınqıl örtüklü avtomobil yollarının 14.5 km hissəsində cari təmir və yolların saxlanması işləri aparıldığını göstərməklə, Vağazin, Sadınlar, Mişni, Qarqışlaq, Nurəddin, Alxaslı və Ərdəşəvi obalarında daxili avtomobil yollarının yararsız hissələrinə 730 m3 qum-çınqıl qarışığı tökülərək yol yatağına yayıldığı bildirildi. Həmçinin, qeyd olundu ki, rüb ərzində Vağazin , Mirik, Qarakeçdi obalarında yararsız hala düşmüş transformatorlar yenisi ilə əvəz edilməklə Taxtakörpü ərazisindəki 84 obada və 2 qəsəbədə məskunlaşmış əhalinin fasiləsiz və normal elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılması üçün 10 və 04 kv-luq elektrik verilişi xətlərinə mütəmadi texniki xidmət göstərilmiş, 1500 m uzunluğunda yararsız naqil yenisi ilə əvəz edilmiş, müxtəlif gücə malik 25 transformator əsaslı təmir edilməklə 30 transformatora texniki qulluq göstərilmişdir. Məruzədə xüsusilə vurğulanmışdır ki, cari ilin birinci rübündə laçınlı köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu Taxta körpü ərazisində 101 hektar əkinə yararlı sahədə pambıq əkininə hazırlıq işləri başa çatdırılaraq çiyid səpininə başlanılmış, rayonda baramaçılığın inkişafı ilə əlaqədar Çin texnologiyası ilə ərazidə on min ədəd tut tingi əkilərək tinglərə müvafiq aqro-texniki qulluq göstərilmişdir. Həmçinin, məruzədə qeyd olunmuşdur ki, sakinlərin üzləşdikləri çətinlikləri və onları narahat edən məsələlərin yerində öyrənilməsi və həlli yollarının araşdırılması məqsədi ilə 2017-cı ilin birinci rübü ərzində vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması üçün laçınlıların daha sıx məskunlaşdıqları respublikanın şəhər və rayonlarında 10 səyyar qəbul keçirilmiş, 1083 nəfərin iştirak etdiyi bu qəbullarda 91 nəfərin müraciəti ayrı-ayrılıqda dinlənilmiş, bununla yanaşı Rayon İcra Hakimiyyəti başçısı aparatında isə 725 nəfər rayon sakininin müraciətlərinə baxılaraq, onları narahat edən məsələlərlə yaxından tanış olunmaqla yerlərdə həlli mümkün olan məsələlərin həll olunması üçün rayonun aidiyyəti təşkilatlarına göstərişlər verilmişdir. Məruzə ətrafında edilən çıxışlarda görülmüş işlər və 2017-cı ildə qarşıda duran vəzifələr müzakirə edilməklə Rayon Təhsil şöbəsinin müdiri Nicat Həsənovun, Rayon Məşğulluq Mərkəzinin direktoru Balay Bəndəliyevin, Rayon Statistika idarəsinin rəisi Alik Cəfərovun çıxışları dinlənilərək ayrı-ayrı sahələr üzrə mövcud vəziyyətlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır. İclasın sonunda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün müvafiq qərar qəbul edilərək qərarın icrası nəzarətə götürülmüşdür.