Aprel şəhidi Ülvin Məmmədovun il mərasimi ilə bağlı anım tədbiri keçirilmişdir
2017-ci il aprelin 7-də laçınlı köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxta körpü ərazisindəki Qarakeçdi obasında Azərbaycan Ordusunun əsgəri, aprel döyüşləri zamanı şəhid olmuş Ülvin Camaləddin oğlu Məmmədovun il mərasimi ilə əlaqədar şəhidin məzarı önündə anım tədbiri keçirilmişdir. Coxsaylı rayon sakinlərinin, ictimaiyyət nümayəndələrinin və şəhidin yaxınlarının iştirak etdikləri mərasimdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev çıxış edərək Azərbaycan Ordusunun ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində qazandığı qələbədən, işğalçı Ermənistanın təşvişə salmasından danışdı. Mərasim iştirakçılarının diqqətinə çatdırıldı ki, Azərbaycan əsgərinin ötən ilin aprelində əldə etdiyi qələbə nəticəsində ordumuzun dünyanın ən güclü ordularından biri olduğu sübut olundu. Rayon rəsmisi, bu gün Cocuq Mərcanlıdan Şuşaya doğru şüarı ilə başlanan qayıdışın Böyük Qayıdışın təməli olacağına əminliyini bildirdi. Sonra tədbirdə çıxış edən respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailəlləri İctimai Birliyinin əməkdaşı Ariz Məmmədov Qarabağ müharibəsi zamanı Azərbaycan əsgərinin keçdiyi şərəfli yola diqqət çəkərək aprel döyüşlərindən sonra ordumuzun məğlub olan tərəf kimi deyil artıq qalib tərəf kimi zəfər yürüşünə başladığını bildirdi. O, çıxışında Ülvin Məmmədovun valideynlərinə belə vətənpərvər övlad böyütdüklərinə görə minnətdarlıq edərək daim onlarla birgə olacaqlarını, xalqımız tərəfindən torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsinin daim dərin hörmətlə anılacağını bildirdi. Mərasimdə çıxış edən Qarabağ müharibəsi döyüşçüsü Rəfail Mayılov ordumuzun güclənməsindən və əsgərlərimizin göstərdiyi sücayətdən qürur duyduğunu işğal altındakı torpaqlarımızın azad edilməsində iştirak etməyə bir daha hazır olduğunu bildirdi. Sonra mərasimdə çıxış edən şəhidin atası Cəmaləddin Məmmədov onlara göstərilən diqqət və qayğıdan danışaraq buna görə ölkə Prezidenti cənab İlham Əliyevə ailələri adından minnətdarlığını bildirərək övladları ilə birlikdə Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bildirdi. Mərasimdə məktəblilərin ifasında vətənpərvərlik ruhlu şeirlər səsləndirilməklə ədəbi-bədii kompozisiya nümayiş olundu. Sonda mərasim iştirakçıları şəhidin məzarı üzərinə əklil və tər çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Tədbirdən sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhidin il mərasimində iştirak etdilər.