31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilmişdir.
31 mart 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində çoxsaylı rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı anım mərasimi keçirilmişdir. Mərasimdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, 31 Mart azərbaycanlıların soyqırımı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Tədbirdə xüsusilə vurğulanmışdır ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən soyqırım və təcavüz siyasətinə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ilk dəfə hüquqi-siyasi qiymət verildiyi, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanın tarixi əhəmiyyət daşıdığı qeyd olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, erməni millətçilərinin törətdiyi soyqırım kimi cinayətləri dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatları tərəfindən tanınmasına ölkə Prezidenti cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasət sayəsində nail olunmuşdur. Tədbirdə çıxış edən rayon sakinləri və ictimaiyyət nümayəndələri azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz qalmalarını, doğma yurdlarından didərgin salınmasını XX əsr tarixinin ən faciəli və dəhşətli hadisələri olduğunu, bu hadisələrin törədicilərinə hiddət və nifrətlərini bildirmişlər. Bununla yanaşı hazırda ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində işğalda olan torpaqlarımızın azad ediləcəyinə və tezliklə torpaqlarımıza qayıdacaqlarına əminliklərini bildirmişlər.
Sonra tədbir iştirakçıları “Şəhidlərin xatirə kompleksi”ni ziyarət etmiş, abidə önünə tər güllər düzmüşlər.