“Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyasında rayon məktəblilərindən ibarət komandanın iştirakı təmin olunmuşdur.
Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiya çərçivəsində 23-26 mart 2017-ci il tarixdə rayon məktəblilərindən ibarət komanda Lənkəran şəhəri, Astara və Masallı rayonlarında olmuşlar.
Tur-aksiyanın ilk günü Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində qarşılanma və “Palma Life” mehmanxanasında nahar yeməyi ilə başlamışdır. Günün ikinci hissəsi Astara rayonuna yola düşən məktəblilər rayon mərkəzində Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra, Bulvara və “Yanar Bulağ”a təşkil edilən ekskursiya, Astara çay fabriki ilə tanışlıqla başa çatdırılmışdır. Lənkəran şəhərinə qayıdan məktəblilərin maarifləndirici tur-aksiyanın birinci günü “Palma Life” mehmanxanasında şam yeməyi və əyləncəli proqramla başa çatdırılmışdır.
Növbəti gün Masallı rayonuna yola düşən məktəblilər rayonda Heydər Əliyev Mərkəzi, Rayon Tarix Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Parkı, Uşaq İncəsənət məktəbi, Bayraq Meydanı, Dövlət Rəmzləri Muzeyi, Olimpiya İdman Kompleksi, ASAN həyat kompleksində olmuşlar. Masallı rayonuna səfər Viləşçay su anbarı ilə tanışlıqla başa çatdırılmışdır. Günün ikinci hissəsi Lənkəran şəhərinə yola düşən məktəblilər “Palma Life” mehmanxanasında nahar etdikdən sonra Lənkəran şəhərində Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Gənclər Mərkəzinə ekskursiya etmişlər. Maarifləndirici tur-aksiyanın ikinci günü “Palma Life” mehmanxanasında şam yeməyi, intelektual oyun və musiqili proqramla başa çatdırılmışdır. Maarifləndirici tur-aksiyada iştirak edən rayonların məktəbliləri arasında keçirilən intelektual oyunda rayonumuzu təmsil edən məktəblilər birinci yeri qazanmışlar.
Maarifləndirici tur-aksiyanın üçüncü günü bir daha Lənkəran şəhəri ilə tanışlıqla davam etdirilmişdir. “Qoşa Qala” qapıları, Həzi Aslanovun ev muzeyi, Dairəvi qala, Mayak binasında olan məktəblilər nahar yeməyindən sonra, Hirkan Milli Parkına və Xanbulan gölünə ekskursiya etmiş, çay plantasiyaları və sitrus meyvə bağları ilə tanış olmuşlar. Maarifləndirici tur-aksiyanın üçüncü günü “Palma Life” mehmanxanasında şam yeməyi və əyləncəli proqramla başa çatdırılmışdır.
Maarifləndirici tur-aksiya çərçivəsində rayon məktəblilərindən ibarət komandanın Lənkəran şəhəri, Astara və Masallı rayonlarına səfərləri 26 mart 2017-ci il tarixdə başa çatmışdır.
“Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiya rayonumuzu təmsil edən məktəblilər tərəfindən sevinclə qarşılanmışdır.