Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.

14 mart 2017 | 16:00

14  mart 2017-ci  il  tarixdə laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi  rayonu  Taxtakörpü  qəsəbəsində  Laçın  Rayon  İcra  Hakimiyyətinin və   Rayon   Mədəniyyət və Turizm Şöbəsinin  birgə  təşkilatçılığı  ilə Novruz  şənliyi  keçirilmişdir.
Laçınlı  köçkünlər üçün inşa edilmiş 552 ailəlik qəsəbədə keçirilən bayram şənliyində sərgi təşkil edilmiş, sərgidə xalqımızın  qədim adət-ənənələri ilə bağlı milli kulinariyaya məxsus şirniyyat  boxçaları, həmçinin Novruz bayramının simvollarından olan səmənilər,  Rayon Tarix-Diyarşünaslıq muzeyinin  eksponatlarından - nehrə, cəhrə, daraq, səhəng, kuzə, xalça, kilim və sair  kimi  əşyalar  yer almışdır. Eyni zamanda tədbirdə müxtəlif əmək məşğuliyyətlərini tamaşaçılara göstərən səhnəciklər təşkil edilməklə, daraqda yun daranması, cəhrədə ip əyirilməsi,  isti sacda qovurğa qovurulması,  yuxa yayılması nümayiş etdirilməklə, milli geyimli qızlar tərəfindən şənlik iştirakçılarına və bayrama dəvət olunmuş qonaqlara Novruz şirniyyatları paylanılmışdır.
Təntənəli bayram  şənliyində iştirak edən Laçın  Rayon  İcra  Hakimiyyətinin başçısı  Aqil Nəzərli  bahar bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, Novruz  bayramının qədim tarixindən, xalqımızın əsrlər boyu bu tarixi bayramı qoruyub yaşatmasından, hətta Azərbaycanın Sovet hakimiyyətinin  əsarəti  altında olduğu dövrdə belə bu bayramın qeyd olunmasına  qoyulan qadağalara  baxmayaraq,  xalqımızın bu el şənliyini daima qeyd etməsindən söhbət açmışdır. Rayon rəhbəri xüsusilə bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin  istər Sovet  dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi  zaman  milli mənəvi  dəyərlərimizin   inkişafına yüksək diqqət və qayğı  ilə yanaşılmış, adət-ənənələrimizin  yaşadılması istiqamətində əməli tədbirlər  görülmüşdür.  Həmçinin, bildirilmişdir ki, həmin dövrlərdən başlayaraq, Novruz bayramının qeyd edilməsi  ümumxalq səviyyəsinə yüksəldilmişdir. Rayon  İcra  Hakimiyyətinin başçısı çıxışında  xalqımızın milli adət-ənənələrinə  möhtərəm Prezidentimiz  cənab  İlham Əliyev tərəfindən də yüksək diqqət  və  həssaslıqla yanaşıldığını, bu bayramın  dövlət  səviyyəsində  keçirilməsinə geniş  şərait  yaradıldığı bildirmişdir.  Eyni zamanda rayon rəsmisi çıxışında  Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban  xanım Əliyevanın ölkə Prezidentinin Sərəncamı ilə  Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsini laçınlı köçkünlər tərəfindən sevinclə qarşılandığını bu  münasibətlə Mehriban Əliyevanı laçınlılar adından bir daha təbrik edərək ona işlərində uğurlar diləmiş, Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin inkişafında  göstərdiyi misilsiz xidmhərtərindən danışmışdır. Rayon rəhbəri çıxışında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə tarixi  torpaqlarımızın yağı düşməndən azad ediləcəyinə,  bütün məcburi köçkünlər kimi laçınlıların da ata-baba yurdlarına qayıdacaqlarına, Novruz tonqallarının Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad ediləcək  torpaqlarımızda yandırılacağına qəti əminliyini bildirmişdir.
Tədbirdə iştirak edən rayonun Milli Məclisdəki Deputatı Mahir Abbaszadə  çıxış edərək, bütün tədbir iştirakçılarını, onların şəxsində bütün rayon sakinlərini Novruz bayramı münasibəti ilə təbrik edərək, seçiciləri ilə birlikdə olmağından məmnunluq duyduğunu bildirmişdir.
Sonra   tədbir  mədəniyyət və incəsənət nümayəndələrinin  iştirakı ilə geniş bayram konserti ilə davam etdirilmiş, kosa və keçəlin tədbir iştirakçıları ilə şən viktorinaları təşkil olunmuşdur.
Tədbirdə səsləndirilən rəngarəng  musiqi nömrələri  sakinlərində yüksək  bayram əhval ruhiyyəsi yaratmışdır. Şənlikdə  cəngi  sədaları altında atlılar qurulmuş  tonqala yanaşaraq yanar məşəli rayon rəhbərinə təqdim etmiş, yandırlan  bayram tonqal ətrafında  tədbir davam etdirilmişdir.

Keçidlər