Rayonun ümumtəhsil məktəblərində buraxılış imtahanları keçirilmişdir
18 iyun 2012-ci il tarixdə Ağcabədi rayonu ərazisində laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Taxta körpü qəsəbəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən Laçın rayonunun 23 tam orta, 10 ümumi orta məktəbinin 9-cu və 11- ci sinif şagirdlərinin buraxılış imtahanları keçirilmişdir. İmtahanlarda ərazidəki məktəblərin buraxılış siniflərindən 131 nəfər 11- ci sinif, 180 nəfər 9- cu sinif şagirdləri iştirak etmişdir.
İmtahanlar ölkə Prezidenti cənab İlham Əliyevin 24 dekabr 2011-ci il tarixdə şəxsən açılışında iştirak etdiyi iki mərtəbəli, müasir tipli, 360 yerlik Taxta körpü tam orta məktəbinin binasında keçirilmişdir. Əvvəlcədən binada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanların keçirilməsi üçün müəyyən etdiyi qaydalara uyğun lazımi şərait yaradılmışdır.
İmtahan keçirildiyi müddətdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə xanım Abbaszadə Taxta körpü qəsəbəsinə gələrək imtahanlarının gedişini izləmiş, şagird və valideynlərlə görüşmüş, imtahanlara hazırlığın vəziyyətindən razı qaldığını bildirmişdir. İmtahanların keçirilməsi ilə bağlı heç bir qayda pozğunluğuna rast gəlinməmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yüksək təşkilatçılığı ilə keçirilən imtahanlar valideyn və şagirdləri qane etmişdir.
2011/2012-ci tədris ilinin yekunu olaraq rayonun ümumtəhsil məktəblərini ümumilikdə 11-ci sinifi 651 nəfər, 9-cu sinifi isə 987 nəfər şagird bitirərək imtahanlara buraxılmışdır.