Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Taxta körpü köçkünlər qəsəbəsində görülmüş işlər müzakirə olundu

24 yanvar 2017 | 16:00

24 yanvar 2017-ci il  tarixdə  laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu, Taxta körpü ərazisindəki   552 ailəlik qəsəbədə Taxtakörpü köçkünlər qəsəbəsi üzrə nümayəndəliyin   2016-cı ildə gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.
Çoxsaylı qəsəbə sakinləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qəsəbədəki  klub icma mərkəzində keçirilən  iclasda  Taxta körpü köçkünlər qəsəbəsi üzrə nümayəndəliyin  hesabat məruzəsi dinlənilmişdir. Məruzədə qəsəbə sakinlərinin  il ərzində fasiləsiz  elektrik enerjisinə, suya və mavi yanacağa olan tələbatlarının  ödənildiyi, bir neçə evin döşəməsinin və dam örtüyünün əsaslı təmir olunduğu,  qəsəbə daxili  yollara çınqıl örtük töküldüyü, qəsəbənin bəzi ərazilərində mənzil və küçələrin qrunt və yağıntı sularından mühafizəsi üçün  əlavə drenaj xəttinin çəkildiyi, küçə və həyətlərdə yüzlərlə ağac və gül kollarının əkildiyi qeyd edilmişdir. Bununla yanaşı  ilin bütün bayram və əlamətdar günlərində Vergilər Nazirliyi xətti ilə gətirilən ərzaq yardımlarının qəsəbə sakinlərinə paylanıldığı, həmçinin Laçın Rayon İcra Hakimiyyəti xətti ilə imkansız və imtiyazlı ailələrə maddi və ərzaq yardımı edildiyi bildirilmişdir. Məruzə ətrafında çıxışlarda qəsəbə sakinləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin laçınlı məcburi köçkünlərə olan davamlı diqqət və qayğısından xüsusilə bu diqqət və qayğının  əyani təzahürü kimi məskunlaşdıqları  552 ailəlik qəsəbənin 24 dekabr 2011-ci il tarixdə açılışı zamanı ölkə Prezidentinin öz ailəsi ilə birlikdə şəxsən iştirak etmələrini minnətdarlıqla xatırlamış, 2016-cı ildə rayonda və nümayəndəlikdə görülən işlərdən, məcburi köçkünlərə göstərilən dövlət qayğısından, söhbət açmış, xüsusilə ölkə başçısının 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərə verilən  aylıq müavinətin artırılmasını minnətdarlıqla qarşıladıqlarını bildirərək, nümayəndəlik üzrə cari ildə qarşıda duran vəzifələrdən ətraflı danışaraq konkret təkliflər irəli sürmüşlər.
        Hesabat yığıncağında  Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və aidiyyəti idarə müəssisə rəhbərləri iştirak etmişlər.

Keçidlər